Tokio, 12 fevral , /AJMEDIA/
İtaliyanın “Scenari Internazionali” portalı Azərbaycandakı prezident seçkilərindən və yeni dövrə qədəm qoyan ölkəmizin gələcək planlarından yazıb.
AJMEDIA xəbər verir ki, yazıda fevralın 7-də keçirilən növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində dövlətimizin başçısı İlham Əliyevin səslərin 92 faizdən çoxunu toplayaraq böyük üstünlüklə qalib gəldiyi vurğulanır. Qeyd olunur ki, ölkəmiz yeni islahatlar və transformasiyalar yoluna qədəm qoyur. Azərbaycan otuz ildən artıqdır ki, erməni separatçı silahlı birləşmələr tərəfindən işğal edilmiş Qarabağ üzərində milli suverenliyini tam bərpa edib. Azərbaycanın gələcəyini müəyyən edəcək infrastrukturdan energetikaya, rəqəmsallaşmadan dayanıqlılığa, mədəniyyətdən böyük hadisələrə kimi yeni öhdəliklər və çağırışlar silsiləsi başlayır.
Məqalədə ölkəmizin İtaliyadakı səfiri Rəşad Aslanovun müsahibəsinə yer verilib. Diplomat ötən ilin sentyabrında Azərbaycanın ərazi bütövlüyünün bərpasına gətirib çıxaran antiterror tədbirlərinin Ermənistanın 2020-ci il üçtərəfli Bəyanata zidd fəaliyyətini davam etdirməsi nəticəsində baş verdiyini deyib.
“Təəssüflər olsun ki, son vaxtlar Avropa qurumları ölkəmizə qarşı münasibətdə ikili standart mövqeyindədir. Avropa Parlamentinin mövqeyinə gəlincə, bu, bizim üçün sürpriz deyil. Otuz ildir ki, Ermənistanın ərazilərimizi işğal etməsi, azərbaycanlılara qarşı etnik təmizləmə və kütləvi qırğınlar törətməsinə dair sübutlar var. Həm Ermənistandan, həm də işğal olunmuş ərazilərdən olan bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünün fundamental hüquqları kobud şəkildə pozulub. Avropa Parlamenti də daxil olmaqla, Avropa İttifaqı qurumlarından heç biri adekvat reaksiya verməyib. Onlar Ermənistan tərəfindən beynəlxalq hüququn və insan haqlarının bütün pozuntularına münasibətdə susmağa üstünlük verib”, – deyə səfir qeyd edib.
O, Qarabağda bərpa və yenidənqurma işlərindən, Şərqi Zəngəzurdakı infrastruktur layihələrindən, bu ərazilərdə fəaliyyət göstərən sənaye zonalarından, məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışı prosesindən, işğaldan azad olunmuş ərazilərdəki mina problemindən danışıb, bu məsələyə beynəlxalq ictimaiyyətin davamlı diqqət və dəstəyinin vacibliyini qeyd edib.
Azərbaycanın enerji strategiyasından bəhs edən Rəşad Aslanov ölkəmizin neft və təbii qaz ixracının bir çox ölkələr üçün enerji təhlükəsizliyinin mühüm hissəsini təşkil etdiyini bildirib. Deyib ki, ölkəmiz qarşıdakı illərdə Avropaya təbii qaz ixracını artıracaq. Azərbaycan ənənəvi enerji resurslarından təmiz enerjiyə keçid edir, bəzi Avropa ölkələri ilə bərpalounan enerji mənbələrinin və yaşıl enerjinin ixracına dair müqavilələr imzalayıb.
Diplomat Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu (COP29) sessiyasının əhəmiyyətindən bəhs edib, 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan olunduğunu vurğulayıb. Qeyd edib ki, ölkəmiz bərpaolunan enerji sahəsində böyük potensiala malikdir, COP29-a ev sahibliyi etməsi isə iqlim dəyişikliyinin təsirləri ilə mübarizəyə mühüm töhfə verməklə alternativ enerjiyə keçid istiqamətində uğur nümunəsidir. COP29 enerji keçidində əldə olunan nailiyyətləri dünyaya göstərmək üçün unikal platforma olacaq.