Tokio, 18 noyabr, /AJMEDIA/
Mərkəzi Asiyada ən böyük “Avrasiya” XVII Beynəlxalq Film Festivalı Almatıda dünyanın hər yerindən rejissorlar, aktyorlar, ssenaristlər və kino bilicilərini bir araya gətirəcək.
AJMEDIA Qazaxıstan mediasına istinadla xəbər verir ki, festival noyabrın 24-dən 30-dək keçiriləcək. Onun təsisçisi və təşkilatçısı Qazaxıstan Respublikasının Mədəniyyət və İnformasiya Nazirliyidir. Film festivalının təşkili Şaken Aymanov adına “Qazaxfilm” Milli Kinostudiyasına həvalə olunub.
Builki filmləri unikal kino ənənələri olan ölkələr təqdim edəcək. İştirakçılar arasında Qazaxıstan, Azərbaycan, Qırğızıstan, Özbəkistan, Tacikistan, Türkmənistan, Türkiyə, İran, Belarus və Rusiya yer alacaq. Proqrama miqrasiya və şəxsiyyət axtarışının aktual mövzularını qaldıran ekran əsərləri daxildir.
Film festivalı proqramı nadir hallarda geniş yayılan, lakin mütləq öz tamaşaçılarını tapacaq filmlər üçün platforma təqdim edir. Bundan əlavə, festival çərçivəsində prodüserlik, ssenaristlik və kinematoqrafiya üzrə ustad dərsləri təşkil olunacaq.