Tokio, 15 noyabr, /AJMEDIA/
Meksikanın geniş oxuyucu kütləsinə malik olan və ölkənin ən nüfuzlu “El Universal” qəzetində ölkəmizin ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə bağlı məqalə dərc edilib.
AJMEDIA xəbər verir ki, məqalədə Azərbaycan Prezidenti İlham Əliyevin çıxışına xüsusi diqqət yetirilib, orada səslənən fikirlər maraqla qarşılanıb. Prezident İlham Əliyev və BMT-nin Baş katibi Antonio Quterreşin COP29-un Liderlər Sammitinin açılış mərasimində çıxışlarına istinad edilərək yaşıl enerjiyə keçid zamanı karbohidrogen ehtiyatlarına malik inkişaf etməkdə olan ölkələrin üzləşdiyi reallıq vurğulanıb.
Yazıda Prezident İlham Əliyevin sözlərinə istinadla qeyd edilib ki, neft və qaz Tanrının bəxş etdiyi təbii sərvətdir və ölkələr malik olduqları təbii sərvətlərə görə günahlandırılmamalı və onları bazara çıxardıqlarına görə suçlanmamalıdır.
Məqalədə, həmçinin iqlimşünaslar və ekoloqların karbohidrogenlərin iqlim dəyişikliyinə qarşı mübarizə ilə bir araya sığmadığını israr etdiyi qeyd olunub və dövlətimizin başçısının çıxışından sitat gətirilərək, Avropa İttifaqının özünün bundan iki il əvvəl qaz ixracının ikiqat artırılmasını tələb etdiyi bildirilib.