Tokio, 22 oktyabr, /AJMEDIA/
Cenevrədə səfərdə olan Azərbaycan nümayəndə heyəti oktyabrın 22-də BMT-nin Cenevrədəki ofisinin Baş direktoru Tatyana Valovaya ilə görüşüb.
AJMEDIA xəbər verir ki, görüşdə nümayəndə heyətinin rəhbəri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Azərbaycanın BMT-nin bütün qurumları ilə əlaqələrin inkişafına böyük əhəmiyyət verdiyini, həm ikitərəfli, həm də çoxtərəfli formatda uğurlu əməkdaşlığın həyata keçirildiyini bildirib. Deyib ki, Azərbaycanın BMT-yə üzv olduğu müddətdən ötən dövrdə Qarabağ probleminin həlli münasibətlərdə həmişə xüsusi yer tutub. “Biz BMT və digər təşkilatlar qarşısında götürdüyümüz öhdəliklərə, həm də Qarabağ probleminin həllinə nail olmaqda əsas vasitə kimi baxmışıq. Artıq Qarabağ problemi həll olunduğu üçün münasibətlərimizə yeni prizmadan baxırıq və hazırda əməkdaşlığımızı genişləndirmək üçün digər sahələri nəzərdən keçirməliyik”, – deyə komitə sədri vurğulayıb.
Nümayəndə heyətinin rəhbəri qeyd edib ki, Pekin öhdəliklərinə qoşulan zaman ərazi və insan itkisinə məruz qalan, bütün sahələrdə ciddi çətinliklərlə qarşılaşan Azərbaycan bu problemlərə baxmayaraq, götürdüyü öhdəliklərə sadiq qalmaqla yanaşı, onun uğurla həyata keçirilməsinə də nail olub.
Azərbaycanın regionda sülhün bərqərar olmasına böyük əhəmiyyət verdiyini deyən B.Muradova diqqətə çatdırıb ki, Pekin öhdəliklərinə və Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq birgə fəaliyyətimizin əsas məqsədi olaraq qalır. Azərbaycan bu istiqamətdə, o cümlədən qadın hüquqlarının, gender bərabərliyinin təmin olunması, qadınların səlahiyyətlərinin artırılması kimi öhdəliklərin icrasında böyük uğurlar qazanıb.
Ölkəmizdə gender bərabərliyinin təmin olunması üçün həm parlament, həm də hökumət səviyyəsində genişmiqyaslı işlərin həyata keçirildiyini vurğulayan komitə sədri bu sahədə BMT-nin Cenevrədəki ofisi ilə də əməkdaşlığın önəmini vurğulayıb.
Azərbaycanın gələn ay COP29-a ev sahibliyi edəcəyini xatırladan nümayəndə heyətinin rəhbəri bu mötəbər tədbir çərçivəsində mədəniyyət, qadınlar, gənclərlə bağlı bir sıra sessiyaların da təşkil olunacağını diqqətə çatdırıb.
Tatyana Valovaya bildirib ki, BMT-nin müxtəlif qurumları, o cümlədən Cenevrədəki ofisi ilə Azərbaycan hökuməti və parlamenti arasında uğurlu əməkdaşlıq həyata keçirilir, rəsmi Bakı bu baxımdan müsbət nümunə təşkil edir. O, Azərbaycanın maddi-mədəni irsinin təbliği istiqamətində BMT-nin Cenevrədəki ofisi ilə birgə müxtəlif tədbirlərin keçirildiyini məmnunluqla xatırladaraq, ölkəmizin müxtəlif qurumları ilə səmərəli əməkdaşlığın uğurla davam etdirildiyini vurğulayıb.
Ermənistan-Azərbaycan münaqişəsinin yaxın vaxtlarda sülh müqaviləsi ilə tam başa çatacağına ümidvar olduğunu vurğulayan T.Valovaya danışıqlar prosesində məsələlərin 80 faizdən çoxunun razılaşdırılmasını məmnunluqla qeyd edib.
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova Azərbaycan parlamentinin də BMT-nin qurumları, o cümlədən Cenevrədəki ofisi arasında səmərəli əməkdaşlığın həyata keçirildiyini qeyd edib. Azərbaycanda qadın hüquqlarının, gender bərabərliyinin təmin olunması istiqamətində parlament və dövlət səviyyəsində mühüm addımların atıldığını vurğulayan H.Hüseynova bu baxımdan məişət zorakılığının, gender əsaslı halların, erkən və yaxın qohumlar arasında nikahların qarşısının alınması ilə bağlı mühüm qanunların qəbul olunması və addımların atılması barədə məlumat verib.
Söhbət zamanı işğaldan azad olunmuş ərazilərdə qadınların bacarıqlarının inkişaf etdirilməsi, imkanlarının artırılması məsələlərinə xüsusi diqqət yetirildiyi vurğulanıb.