Tokio, 4 noyabr, /AJMEDIA/
Azərbaycan haqqında təqdimat Tokionun Haçioci şəhərinin sakinləri tərəfindən böyük maraqla qarşılanıb.
Bu barədə AJMEDIA-ya Yaponiyada fəaliyyət göstərən Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin sədri, elktronika sahəsində tanınmış alim-mühəndis Xəlil bəy Kələntər məlumat verib.
Diaspor təşkilatının sədri qeyd edib ki, uzun müddətdir yaşadığı Haçioci şəhərində fəaliyyət göstərən Haçiyoci Beynəlxalq Assosiasiyasının qeyri-hökumət təşkilatının təşəbbüsü ilə keçirilən tədbirdə Tokionun bu ən böyük şəhərinin sakinləri iştirak ediblər.
Tədbiri açan Assosiasiyanın nümyaəndəsi qeyd edib ki, Azərbaycan Respublikasının adı bu ölkənin qısa müddətdə əldə etdikləri uğurları, sürətli və dinamik inkişafı ilə yaponların da diqqətini özünə cəlb edib. Ona görə də Yaponiyada yaşayan azərbaycanlı Xəlil bəy Kələntərlə görüşün keçirilməsi qərara alınıb.
Sonra mərkəzin sədri Xəlil Kələntər ölkəmiz haqda geniş təqdimatla çıxış edib. O, Azərbaycanın tarixi, coğrafi mövqeyi, dövlət atributları, mədəniyyəti, zəngin karbohidrogen ehtiyatları, turizm potensialı, müstəqilliyin bərpasından sonra əldə edilən uğurları, 2020-ci ilin payızında baş verən Vətən müharibəsindən sonra azad edilmiş torpaqlarda aparılan böyük abadlıq və quruculuq işləri, 2023-cü ilin sentyabrında aparılan antiterror əməliyyatı nəticəsində suverenliyin və ərazi bütövlüyünün tam bərpa olunması, Azərbaycan-Yaponiya əlaqələri barədə məlumat verib.
Azərbaycanın dünyanın enerji təhlükəsizliyində mühüm rolunu qeyd edən mərkəzin sədri Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, TAP və TANAP layihələri barədə də ətraflı məlumat verib. Həmin layihələrdə yapon şirkətlərinin yaxından iştirak etdiyi xüsusi vurğulanıb. Qeyd edib ki, Azərbaycan müxtəlif mədəniyyətlərin birləşdiyi, multikultural və tolerant ölkə kimi bütün dünyada yaxşı tanınıb. Burada yalnız azərbaycanlılar deyil, həm də digər xalqların nümayəndələri dostluq və mehriban qonşuluq şəraitində yaşayırlar.
Müstəqilliyin bərpasından keçən dövrdə Azərbaycanda təhsil sahəsində mühüm irəliləyişlərin əldə edildiyinə diqqət çəkən Xəlil Kələntər Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın təhsil sahəsinə xüsusi diqqət yetirdiklərini xüsusi vurğulayıb.
Azərbaycan ilə Yaponiya arasında regionlararası əməkdaşlığın da inkişaf etdiyini bildirən Xəlil Kələntər buna misal olaraq İsmayıllı və İto şəhərləri arasında artıq ənənəyə çevrilmiş mübadilə proqramını xatırladıb.
Sonra tədbir iştirakçılarının Azərbaycan haqqında çoxsaylı sualları ətraflı cavablandırılıb.