Tokio, 2 sentyabr , /AJMEDIA/
Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin, Azərbaycan Milli Elmlər Akademiyasının dəstəyi ilə keçirilən Azərbaycan Dili və Ədəbiyyatı Forumu sentyabrın 2-də işini Bakıda “Gülüstan” sarayında davam etdirir.
AJMEDIA xəbər verir ki, Forumun ikinci gününün ilk panel iclası “Teatr və kinonun inkişafında ədəbiyyat faktoru: əsərdən səhnəyə, səhnədən ekrana” mövzusuna həsr olunub.
Moderatoru kinodramaturq İlqar Fəhmi olan panel iclasda Əməkdar incəsənət xadimi Əli Əmirli, yazıçılar Elçin Hüseynbəyli, Varis Yolçuyev, ədəbi tənqidçi Əsəd Cahangir və “Ədəbiyyat” qəzetinin baş redaktoru Azər Turan iştirak ediblər.
Paneldə “Müasir Azərbaycan dramaturgiyası və onun problemləri”, “Azərbaycan ədəbiyyatında teatr və kino platforması”, “Mütaliə və tamaşaçı mədəniyyətinin formalaşmasında medianın rolu”, “Kino sənətində dil və tərcümə problemləri”, “Ədəbiyyatın cəmiyyətə çatdırılması metodikası: beynəlxalq təcrübədə bu istiqamətdə tətbiq olunan innovasiyalar”, “Uşaq ədəbiyyatının ideoloji mahiyyəti və müasir problemləri”, “Mədəni və ədəbi qaynaqların müəyyənləşməsində uşaq ədəbiyyatı nə dərəcədə rola malikdir?”, “Uşaqlarda mütaliə mədəniyyətinin formalaşdırılması üçün hansı maarifçi islahatlara ehtiyac var?”, “Uşaq ədəbiyyatına xüsusi dövlət qayğısının mexanizmləri: oxucu – naşir -müəllif qayğısının vəhdəti gözlənilən nəticəni verirmi?”, “Təhsildə ana dili və uşaq ədəbiyyatının rolu” mövzularda çıxışlar olub, məruzələr dinlənilib.
Qeyd edək ki, Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Forum çərçivəsində mütəxəssislərin səsləndirdiyi fikir və təkliflər ümumiləşdirilərək, “Azərbaycan mədəniyyəti–2040” Dövlət Proqramında əksini tapacaq.