Azərbaycan COP29-da mühüm tarixi nəticəyə nail oldu

Tokio, 26 noyabr, /AJMEDIA/

Noyabrın 11-dən 23-dək Azərbaycan paytaxtı Bakıda keçirilən COP29-da yekun razılıq əldə olundu. Bir sıra dövlətləri süni maneələrlə bunun qarşısını almaq cəhdlərinə baxmayaraq, bunu mühüm tarixi nəticə kimi yüksək qiymətləndirmək lazımdır. Azərbaycan bununla COP29-u ən yeni tarixin uğurlu səhifəsinə çevrilməyi bacardı. Belə ki, Azərbaycanın COP29-a sədrliyi ilə inkişaf etməkdə olan ölkələrə hər il 1,3 trilyon dollarlıq iqlim maliyyəsini təmin etmək üçün yeni öhdəlik olan Bakı Maliyyə Məqsədi (Baku Finance Goal) razılaşması elan edildi.

Bakı Maliyyə Məqsədi inkişaf etməkdə olan ölkələr üçün 2035-ci ilə qədər hər il ən azı 300 milyard dollar vəsaitin səfərbər olunmasına liderlik etmək üçün inkişaf etmiş ölkələrin əsas hədəfini özündə ehtiva edir. Bu, COP29 sədrliyi tərəfindən intensiv diplomatik fəaliyyətin məhsulu kimi mühüm əhəmiyyətə malikdir və ilkin layihə ilə müqayisədə 50 milyard dollar artım deməkdir. Təbii ki, bu, mühüm tarixi uğur kimi yüksək qiymətləndirilməlidir. Çünki inkişaf etmiş ölkələr COP29-da böyük öhdəlik götürmək istəmirdilər. Necə deyərlər, məsələni 250 milyardla bağlamağa çalışırdılar. Amma aparılan diplomatik danışıqlar və gərgin müzakirələr nəticəsində yekun razılığa gəlmək mümkün oldu. Təbii ki, bu uğur insanpərvər qüvvələr tərəfindən böyük məmnunluqla və alqışlarla qarşılandı. Hətta Bakıdakı son çıxışında BMT-nin Baş katibi Antonio Quterreş məmnunluqla bildirdi ki, COP29-da əldə olunan razılaşma qlobal istiləşməni 1,5°C-də saxlamaq məqsədini qorumaq üçün həyati əhəmiyyət daşıyır: “Ölkələr vəzifənin öhdəsindən gəldi. Mən maliyyələşdirmə və yumşaldılmada daha iddialı nəticələrə ümid edirdim, lakin bu razılaşma gələcək fəaliyyət üçün möhkəm əsas verir”.

Bəs inkişaf etmiş ölkələr nədən narahat idi? Əgər COP29 dövründə aparılan müzakirələri təhlil etsək görərik ki, COP29-da qeyd edilən razılaşma heç də asanlıqla əldə edilmədi. Azərbaycanın dünyaya şər qüvvə kimi təqdim etməyə çalışan bədnam qüvvələr COP29-un uğursuzluğa düçar olması üçün əllərindən gələni etsələr də, arzularına çata bilmədilər. Xüsusilə qeyd etmək lazımdır ki, ABŞ, Fransa, Niderland və digər bu kimi ölkələr maliyyə öhdəliklərindən yayınmaqla Azərbaycanın uğuruna əngəl törətmək istəyirdilər. Halbuki, qlobal iqlim dəyişikliyinin əsas günahkarları məhz inkişaf etmiş ölkələrdir. Aaşağıdsa qeyd etdiyimiz faktlar bunu birbaşa təsdiq edir. Belə ki, ətraf mühitə Çin 14 milyard tondan çox, ABŞ 6 milyard ton, Hindistan 3,5 milyard ton, Avropa Birliyi 3,4 milyard ton, Rusiya 2 milyard ton, Yaponiya isə 1,170 milyard ton CO2 emissiyası buraxır. Buna baxmayaraq, bəzi inkişaf etmiş ölkələr yaratdıqları problemlərin acı nəticələrini aradan qaldırmaqda o qədər maraqlı deyillər. Üstəlik, əksər inkişaf etmiş dövlətlər Azərbaycanın çağırışlarını eşitmək belə istəmirdi. Əksinə Azərbaycanın çağırışlarını riyakar kampaniya apararaq bunu “eşidilməz” etməyə çalışırdılar. Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkədə hesabındakı paylaşımında yaranmış vəziyyəti yüksək dəqiqliklə belə ifadə edib: “Genişmiqyaslı və planlaşdırılmış böhtan və qarayaxma kampaniyasına baxmayaraq, Azərbaycan iqlim danışıqlarında tarixi nəticələr əldə etməyə müvəffəq oldu”.

Azərbaycan Prezidenti əlavə edib ki, “Yaşıl dünya naminə həmrəylik” şüarını rəhbər tutan ölkəmiz bitərəf vasitəçi kimi çıxış edərək danışıqların qərəzsiz aparılması üçün bütün imkanları yaradıb: “Bütün proses boyu biz inkişaf etməkdə olan ölkələrin, xüsusilə kiçik ada dövlətlərinin və ən az inkişaf etmiş dövlətlərin ehtiyaclarını nəzərə alan nəticə əldə etməyə çağırış etdik, çünki onlar iqlim dəyişmələrinin ağır yükünü daşıyırlar və ekzistensial təhlükə ilə üzləşirlər. Biz, həmçinin müstəmləkə idarəçiliyi ilə daha da ağırlaşan ekoloji problemlərdən əziyyət çəkən xalqlar və regionlar ilə həmrəylik nümayiş etdirdik”.

Nəzərə alaq ki, həm ABŞ, həm də bəzi Avropa dövlətləri son bir ildə Azərbaycana qarşı çox çirkin kampaniya aparırdılar. Bu dövlətlərin hədəfi o idi ki, COP29 Bakıda keçirilməsin. Bunun bir səbəbi Azərbaycanın beynəlxalq aktora çevrilməsinin qarşısının alınması, ikinci səbəbi isə bəzi təşəbbüslərin əldən verilməsini dayandırmaq idi.

Məlum olduğu kimi, son illər informasiya bolluğu və reallaşan proseslər böyük dövlətlərin əsl simasını sivilizasiyaya çılpaqlığı ilə göstərib. Ona görə də artıq heç kimi ABŞ və digər dövlətlərin həqiqət carçısı olduğuna inanmır. Belə reallıqda isə ortaya yeni güclərin çıxması zəruri idi. Məhz belə bir tarixi məqamda Azərbaycan müasir çağırışlarla qətiyyət nümayiş etdirdi. Təbii ki, Azərbaycan kimi kiçik ölkənin beynəlxalq təşəbbüslərin və çağırışların müəllifi kimi çıxış etməsi böyük dövlətlər üçün heç də arzuolunan deyil. Ona görə də son bir ildə aparıcı dövlətlərin bəziləri Azərbaycana qarşı çirkin kampaniya apardılar. Sonda isə ABŞ, Fransa və Niderland COP29 konfransına yüksəksəviyyəli heyətlə qatılmaqdan imtina etdi. Üstəlik, həmin dövlətlər çağırışlar edərək digər dövlətlərin də Bakıya gəlişini əngəlləmək istədilər.
Amma Azərbaycanın qətiyyəti, obyektiv mövqeyi destruktiv təşəbbüsləri kölgədə qoydu.

Dünyanın 190-dan artıq dövləti Bakı sammitindəki müzakirələrə qoşuldu. Ən əsası COP29 inkişaf etmiş ölkələr üçün illik iqlim maliyyəsinin həcminin müəyyən edilməsinə nail oldu. Bu isə COP29 iqlim diplomatiyasında dönüş nöqtəsi oldu. Artıq bütün dünya COP29-un nəticələrini məmnunluqla müzakirə və təqdir etməyə başlayıb.

Bununla yanaşı, COP29-un uğurlu yekunu göstərdi ki, artıq Qərb əvvəlki kimi liderlik nümayiş etdirə bilmir və dünyada geosiyasi baxımdan dərin qütbləşmə prosesi gedir. Bu prosesdə isə Azərbaycan beynəlxalq aktor və lider dövlətlərdən biri kimi daha çox diqqət çəkir.

Vüqar Ağayev

Follow us on social

Facebook Twitter Youtube

Related Posts