Tokio, 10 sentyabr, /AJMEDIA/
Cari ilin 8 ayı ərzində ölkədə təbii qaz hasilatı 2,5 faiz artaraq təxminən 33 milyard kubmetr olub.
AJMEDIA Energetika Nazirliyinin yaydığı məlumata istinadla xəbər verir ki, qazın 8,7 milyard kubmetri “Azəri-Çıraq-Günəşli” (AÇG), 18,1 milyard kubmetri “Şahdəniz”, 1,1 milyard kubmetri Abşerondan, 5,1 milyard kubmetri SOCAR üzrə hasil olunub. Ötən ilin müvafiq dövrünə nisbətən qaz hasilatında təqribən 0,8 milyard kubmetr artım qeydə alınıb.
Hesabat dövründə xaricə qaz satışı təxminən 16,4 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə təqribən 3,1 faiz çoxdur. Cari ilin yanvar-avqust aylarında Türkiyəyə təqribən 6,5 milyard kubmetr (3,1 faiz az), Avropaya təqribən 8,4 milyard kubmetr (10,5 faiz çox), Gürcüstana isə 1,5 milyard kubmetr (eyni həcmdə) qaz satılıb. Qeyd olunan dövrdə Türkiyəyə TANAP-la bu müddətdə 3,7 milyard kubmetr (2,6 faiz az) qaz nəql olunub.
“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən sentyabrın 1-dək 643 milyon ton neft (kondensatla birlikdə), 452,2 milyard kubmetr qaz hasil edilib. AÇG-dən 595,8 milyon ton neft, 225 milyard kubmetr qaz hasil olunub. “Şahdəniz”dən isə 227,2 milyard kubmetr qaz, 47,2 milyon tona yaxın kondensat hasil edilib. Bu yataqlardan indiyə kimi təqribən 641,2 milyon ton neft (kondensatla birlikdə), təxminən 162 milyard kubmetrə yaxın qaz ixrac edilib.