Avstraliyalılar aborigenlərin hüquqlarının tanınmasına dair konstitusiya dəyişikliyini rədd edib

Tokio, 15 oktyabr , /AJMEDIA/

Avstraliyada aborigen azlıqların konstitusion hüquqlarının tanınması üçün keçirilmiş tarixi referendumun nəticəsi mənfi olub.

AJMEDIA Avstraliya mediasına istinadla xəbər verir ki, oktyabrın 14-də keçirilmiş referendumda səs verənlərin 70 faizdən çoxu dəyişiklik layihəsinin əleyhinə olub. Avstraliyanın 6 ştatının hamısında referendumun nəticələri mənfi olub. Qanunvericiliyə əsasən, dəyişiklik layihəsinin qəbul olunması üçün ölkə üzrə 50 faizdən çox səslə yanaşı, ən azı 4 ştatda da nəticələr müsbət olmalıdır. Amma Avstraliya əhalisi Baş nazir Entoni Albanizin açıq siyasi dəstək göstərdiyi dəyişiklik layihəsinin lehinə səs verməyib. Baş nazir referendumun nəticələrinə məyus olduğunu, amma təşəbbüsün həyata keçməsi üçün işin davam edəcəyini açıqlayıb.

Qeyd edək ki, dəyişiklik layihəsi qitənin aborigen əhalisinin ilk dəfə olaraq parlamentdə iştirak üçün konstitusiya hüququ vəd edirdi. Konstitusiya dəyişikliyi layihəsi (Aborigen və Torres boğazı adaları sakinlərinin səsi) iyunun 19-da qəbul edilib. Layihədə aborigen və Torres boğazı adaları xalqına təsir edən qanunvericilik və siyasətlə bağlı tədbirlər görülməsi, habelə yerli idarəçilik orqanı təsis edilməsi nəzərdə tutulurdu.

Aborigenlər 65 min ildən artıqdır ki, Avstraliyada məskunlaşan ilk xalqlardır. Onlar əsasən Tasmaniya adasında və Torres boğazı adalarında yaşayırlar. Avstraliyanın 26 milyonluq əhalisinin 3,8 faizini aborigenlər təşkil edir.

Avstraliya İnsan Haqları Komissiyasının məlumatına görə, 1788-ci ildə Britaniyanın müstəmləkəsinə çevriləndən bəri qitənin yerli xalqları ənənəvi mədəniyyət və vətənlərinin itirilməsindən tutmuş vətəndaşlıq hüquqlarının rədd edilməsinə qədər böyük çətinliklərlə üzləşiblər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts