Avstraliya saytı Zəfər Günü ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatını yayıb

Tokio, 10 Noyabr, /AJMEDIA/

Avstraliyanın “vibemedia.net.au” saytı 8 Noyabr – Zəfər Günü ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) bəyanatını yayıb.

AJMEDIA xəbər verir ki, saytın “Azərbaycan xalqı Zəfər Gününü qeyd edir” başlığı altında yaydığı məqalədə bəyanatın mətni barədə məlumat verilir. Sənədə istinadla bildirilir ki, Azərbaycan xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən Zəfər Gününü qeyd edir.

Vurğulanır ki, 8 Noyabr – Zəfər Günü, Azərbaycan xalqının tarixinin şanlı səhifəsini təşkil etməklə, beynəlxalq hüquq və ədalətin təntənəsidir.

Xatırladılır ki, Ermənistanın təxribatına cavab olaraq, ötən il sentyabrın 27-də başlanan və 44 gün davam edən Vətən müharibəsi nəticəsində Azərbaycan torpaqlarını işğaldan azad edib. Azərbaycanın beynəlxalq sərhədləri çərçivəsində ərazi bütövlüyü təmin edilib, bir milyona yaxın azərbaycanlı məcburi köçkünün öz doğma evlərində yaşamaq hüququ bərpa olunub.

Yazıda qəhrəman Azərbaycan Ordusunun 44 gün davam edən döyüşlər nəticəsində 300-dən çox yaşayış məntəqəsini işğaldan azad etdiyi xüsusi vurğulanır. 2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladığı üçtərəfli Bəyanatla hərbi əməliyyatlara son qoyulduğu və Ermənistanın öz məğlubiyyətini etiraf edərək, Kəlbəcər, Ağdam və Laçın rayonlarından silahlı qüvvələrini çıxartdığı bir daha xatırladılır. Qeyd edilir ki, nəticədə münaqişə hərbi-siyasi yolla öz həllini tapıb.

Bildirilir ki, Azərbaycanın gələcəyə baxış strategiyasının əsasını dayanıqlı sülh, inkişaf və tərəqqinin təmin edilməsi təşkil edir. Ərazilərinin işğalı amilinin aradan qaldırılması ilə Azərbaycan, beynəlxalq hüququn prinsipləri, xüsusilə də suverenlik, ərazi bütövlüyü, beynəlxalq sərhədlərin toxunulmazlığı prinsiplərinə ciddi riayət edilməsi əsasında Ermənistanla münasibətlərin normallaşdırılmasına hazırdır.

Məqalədə, həmçinin Vətən müharibəsində Qələbənin birinci ildönümü ilə əlaqədar Bakıda təşkil edilən möhtəşəm yürüş barədə də məlumat verilir. Yürüş iştirakçılarının 44 günlük müharibənin rəmzi olaraq 440 metr uzunluqda Azərbaycan bayrağını daşıdığı xüsusi vurğulanır.

Bildirilir ki, əllərində Azərbaycan və Türkiyə bayraqları olan minlərlə insanın müşayiət etdiyi yürüş “Qənimətlər muzeyi”ndə başa çatıb.

Məqaləyə yürüşlə bağlı çoxsaylı fotolar da əlavə olunub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts