Avstraliya Azərbaycanın COP29-a sədrlik missiyasını dəstəkləyir

Tokio, 30 may , /AJMEDIA/

Avstraliya İttifaqının Federal parlamentində Avstraliya-Azərbaycan parlamentlərarası dostluq qrupu və Azərbaycanın bu ölkədəki səfirliyinin birgə təşəbbüsü ilə 28 May – Müstəqillik Günü münasibəti ilə rəsmi qəbul keçirilib. Həmçinin yenicə təsis olunmuş dostluq qrupunun tədbiri baş tutub.

AJMEDIA xəbər verir ki, hər iki ölkənin Dövlət himnləri səsləndikdən sonra Avstraliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Mayk Frilander və sədrin müavini Rik Vilson çıxış edərək, Azərbaycanı Müstəqillik Günü münasibəti ilə təbrik ediblər. Mayın əvvəlində ölkəmizdə keçirilmiş VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştiraklarını yada salan natiqlər, Azərbaycanın regionda və dünyada artan müsbət rolundan danışıblar.

Senator və konqresmenlərin, dövlət rəsmilərinin və diplomatik nümayəndəliklərin rəhbərlərinin iştirak etdiyi tədbirdə BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası (UNFCCC) üzrə Avstraliya nümayəndə heyətinin rəhbəri xanım Səlli Boks çıxış edərək, Azərbaycanın COP29-a uğurla ev sahibliyi edəcəyinə inandığını və Avstraliya İttifaqının ölkəmizi bu məsuliyyətli missiyada dəstəklədiyini söyləyib.

Tədbir zamanı Azərbaycanın Avstraliyadakı, eyni zamanda, Yeni Zelandiya və Fici Respublikasındakı səfirliyi tərəfindən hazırlanmış “COP29 və Azərbaycan üçün yaşıl enerji strategiyası” mövzusunda təqdimat olub. Səfirliyin müvəqqəti işlər vəkili Vaqif Cəfərov ölkəmizin yaşıl enerji sahəsində həyata keçirdiyi layihələr və gələcəyə baxışı barədə məlumat verib, habelə COP29 tədbirinə hazırlıq istiqamətində görülən işlərdən və ikitərəfli, çoxtərəfli görüşlərdən danışıb.

Tədbir iştirakçıları Azərbaycan Demokratik Respublikasının fəaliyyətinə, ölkəmizin mədəni zənginliyinə, memarlığına, turizm potensialına aid fotoşəkillərdən ibarət sərgi ilə tanış olublar.

Həmvətənimiz, musiqişünas Emin Tağıyevin 2001-ci ildə Avstraliya İttifaqında təsis etdiyi Tağıyev Uşaq Kamera Orkestrinin üzvlərinin ifasında görkəmli bəstəkarımız Qara Qarayevin əsərlərindən parçalar səslənib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts