Tokio, 5 Oktyabr, /AJMEDIA/
Avropa bazarında təbii qazın qiyməti min kubmetrə görə 1200 dolları ötərək tarixi rekordu yeniləyib.
AJMEDIA xəbər verir ki, ICE Futures marketində ticarətin açılışında maksimum qiymət 1228,8 dollar təşkil edib. Amma Bakı vaxtı ilə saat 10:17-də müqavilələr 1250 dollara yaxınlaşıb. Bu da bazar ertəsi gününün hesablaşma qiymətlərindən 7,6 faiz yüksəkdir.
Son həftələr Avropa bazarında qazın qiyməti kəskin şəkildə artıb. Əgər avqustun əvvəlində 1000 kubmetr yanacağın tədarük qiyməti 515 dollar səviyyəsində idisə, bir ay sonra bu rəqəm artıq 614 dollara yüksəlmiş, sentyabrın sonlarında isə qiymət iki dəfə bahalaşmışdı.
Ekspertlərin fikrincə, kəskin qiymət artımı qitədə qaz anbarlarının doluluğunun aşağı səviyyədə olması, əsas təchizatçılar tərəfindən təklifin məhdudlaşması və Asiyada sıxılmış təbii qaza yüksək tələbatla bağlıdır.