Avropa Şurasının İnsan hüquqları üzrə komissarı Ermənistandan olan bir qrup azərbaycanlı qaçqınla görüşüb

Tokio, 23 oktyabr , /AJMEDIA/

Avropa Şurasının İnsan hüquqları üzrə komissarı Dunya Miyatovic oktyabrın 23-də Qərbi Azərbaycan İcmasını ziyarət edib, İcma rəhbərliyi və Ermənistandan olan bir qrup azərbaycanlı qaçqınla görüş keçirib.

AJMEDIA xəbər verir ki, İcmanın Gənclər Birliyinin sədr müavini, Milli Məclisin deputatı Kamal Cəfərov və digər rəhbər şəxslərlə keçirilən görüş zamanı azərbaycanlıların Ermənistandan zorla qovulması barədə geniş məlumat verilib, bu insan hüquqları pozuntusu ilə bağlı beynəlxalq ictimaiyyətin təcili tədbir görməli olduğu vurğulanıb. İcma nümayəndələri Ermənistanın oradan azərbaycanlıları qovmaqla və onların geri qayıtmasına əngəl törətməklə beynəlxalq hüququ, o cümlədən Avropa Şurasının İnsan hüquqları konvensiyalarını kobud şəkildə pozduğunu diqqətə çatdırıblar. Bu baxımdan Avropa Şurasının Parlament Assambleyasının Ermənistan üzrə həmməruzəçilərinin və İnsan hüquqları komissarının məsələ ilə məşğul olmalarına böyük zərurət yarandığı qeyd edilib, qayıdış hüququ məsələsində etnik əsasda ayrı-seçkiliyin yolverilməz olduğu vurğulanıb.

İcma nümayəndələri bildiriblər ki, Qərbi Azərbaycan İcması məsələnin sülh və ədalətli həlli üçün Ermənistan hökuməti ilə dialoqa hazırdır. İcma xanım Miyatoviçi Ermənistandan qovulmuş azərbaycanlıların öz evlərinə qayıtmasına dəstək verməyə, o cümlədən baş vermiş pozuntularla bağlı qərəzsiz araşdırma aparmağa, Ermənistana tematik səfərlər təşkil etməyə və bu dövlətə təzyiq göstərməyə çağırıb.

Daha sonra Miyatovic Ermənistandan olan bir qrup azərbaycanlı qaçqın ilə görüş keçirib. Qaçqınlar Ermənistandan zorla çıxarılma ilə bağlı xatirələrini bölüşüb, orada azərbaycanlılara məxsus qəbiristanlıqların, tarixi abidələrin dağıdılması, deportasiya zamanı 200-dən artıq azərbaycanlının öldürülməsi kimi faktları diqqətə çatdırıblar. Vedi rayonundan olan professor Gülçöhrə Məmmədova, Böyük Qarakilsədən olan Əli Eyvazov və digərləri azərbaycanlılara qarşı törədilmiş müsibətlər haqqında ətraflı məlumat veriblər.

Basarkeçər rayonundan olan İcmanın Ağsaqqallar Şurasının sədri akademik Əhliman Əmiraslanov bildirib ki, Ermənistandan qovulmuş azərbaycanlılar 35 ildir qayıdışı gözləyirlər. Vətənsiz keçən hər bir günün qaçqınların iztirablarını daha da artırdığını qeyd edən natiq Ermənistandan azərbaycanlıların qovulmasının üstündən xeyli vaxt keçib deyərək, bu məsələni ikinci plana keçirməyin qəbuledilməz olduğunu vurğulayıb.

Xanım Miyatoviç qaçqınların, o cümlədən Ermənistandan qovulmuş azərbaycanlıların qayıdış hüququnun əhəmiyyətini başa düşdüyünü qeyd edərək, bu məsələnin həllinin siyasi iradə tələb etdiyini bildirib. O, öz mandatı və regiona səfərinin məqsədləri barədə məlumat verib. Həmçinin qaldırılan məsələlərlə öz səlahiyyətləri çərçivəsində məşğul olacağını qeyd edib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts