Avropa Parlamentində “Qarabağ müharibədən sonra” adlı fotosərgi açılıb

Tokio, 8 iyun , /AJMEDIA/

Avropa Parlamentinin Altiero Spinelli binasında Azərbaycan Respublikasının Belçikadakı səfirliyinin təşkilatçılığı ilə məşhur fransız fotoqrafı Qreqori Herpenin “Qarabağ müharibədən sonra” adlı fotosərgisi açılıb.
AJMEDIA xəbər verir ki, Qreqori Herpe 2021 və 2022-ci illərdə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi və Parisdə fəaliyyət göstərən Azərbaycanın Dostları Assosiasiyasının təşkilatçılığı ilə ölkəmizin Qarabağ bölgəsini ziyarət edib, Ermənistanın otuzillik işğalı nəticəsində dağıdılmış tarixi və mədəni irs nümunələrimizi, Azərbaycan tərəfindən aparılan bərpa və minatəmizləmə işlərini lentə alıb. Səfərlər zamanı müəllifin çəkdiyi fotoşəkillər 2021-ci ildə Azərbaycanın Parisdəki səfirliyində nümayiş etdirilib.
Sərginin iyunun 6-da keçirilən rəsmi açılış mərasimində çıxış edən Avropa Parlamentinin üzvü, Avropa Parlamenti – Azərbaycan qrupunun rəhbəri Andris Ameriks nümayiş etdirilən fotoşəkillərin müharibənin yaratdığı dağıntıların və ağrıların kədərini əks etdirdiyini və dərin məna daşıdığını qeyd edib.
A.Ameriks müəllifin Qarabağda baş verənləri hiss etdirmək üçün düzgün kadrlar seçmək bacarığını vurğulayıb. O, Qarabağın Azərbaycan xalqının birlik simvolu olduğunu və tezliklə bərpa olunaraq sakinlərinin evlərinə qayıdacağından əminliyini ifadə edib.
Azərbaycanın Belçikadakı səfiri Vaqif Sadıqov Andris Ameriksə sərgiyə ev sahibliyi etdiyi üçün və Qreqori Herpenə Azərbaycanı müxtəlif ölkələrdə təşkil edilmiş layihələrdə təmsil etdiyi üçün təşəkkür edib, ölkəmizin Cənubi Qafqazda sülh və barışığa yönəlmiş siyasəti, eyni zamanda, Ermənistanın otuz il ərzində Azərbaycana qarşı yürütdüyü işğal və etnik təmizləmə siyasəti, tarixi, mədəni və dini irsimizə qarşı talan və dağıntılar haqqında məlumat verib.
Bir çox ölkələrdə təşkil etdiyi humanist fotolayihələrinə görə bir sıra mükafatlar almış Qreqori Herpe çıxışında Qarabağda ilk dəfə 2021-ci ildə olduğunu, əraziləri tamamilə dağıdılmış və talan olunmuş şəkildə gördüyünü bildirib. 2022-ci ildəki səfər zamanı isə Azərbaycan dövlətinin qısa bir zamanda azad olunmuş doğma torpaqlarda apardığı bərpa-quruculuq işlərindən heyrətləndiyini qeyd edib.
Daha sonra müəllif deputat Andris Ameriksə və Azərbaycan tərəfinə layihənin ərsəyə gəlməsi üçün təşəkkür edib.
Sərginin açılışında Avropa Parlamentinin, diplomatik korpusun, kütləvi informasiya vasitələrinin, Avropada yaşayan Azərbaycan diasporunun nümayəndələri və Belçikada təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər

Follow us on social

Facebook Twitter Youtube

Related Posts