Avropa Parlamenti korrupsiya girdabından qurtula bilmir

Tokio, 1 iyun , /AJMEDIA/

Silsilə korrupsiya qalmaqalları Avropa Parlamentini sarsıdır. Burada bir-birinin ardınca xoşagəlməz hadisələr baş verir, avropalıların qanunverici orqanının çürümüş mahiyyəti daha da aşkar şəkildə üzə çıxır.

Xatırladaq ki, təqribən il yarım əvvəl uzaq Qətərdə keçirilən futbol üzrə dünya çempionatı zamanı dünyanın aparıcı qəzetlərinin redaksiyaları, televiziya ekranları və smartfonlar qəflətən Brüsseldə Avropa Parlamentinin vitse-prezidenti, yunan siyasətçi Eva Kaylinin və daha üç şəxsin, o cümlədən onun sevgilisi, üstəlik, başqa bir avropalı deputatın köməkçisi olan italyan Françesko Giorginin, habelə sabiq Avropa deputatı, italiyalı Pyer Antonio Panzerinin saxlanılması ilə bağlı sensasion xəbərlərlə çalxalanmışdı. Saxlanılan dördüncü şəxs isə adı açıqlanmayan lobbiçidir və təbii ki, o, həm də Avropa Parlamentinə sanki öz evi kimi gedib-gəlirmiş.

Dünyanı şoka salan həbslər karbohidrogen ehtiyatları ilə çox zəngin Körfəz yarımadası dövlətinin Avropa Parlamentində nüfuzu “satın almaq” cəhdi ilə bağlı korrupsiya araşdırması çərçivəsində polis tərəfindən həyata keçirilib. Bundan sonra istintaqın keçmiş avropalı deputat Pyer Antonio Panzerinin həmyerlisi və Avropa Parlamentinin “cəngavəri” Françesko Giorgi vasitəsilə varlı şeyxlərin bu gəncin istəkli xanımı, Avropa Parlamentinin vitse-prezidenti ilə əlaqə qura biləcəyindən şübhələnmək üçün hər cür əsası olub. Polis Eva Kaylinin özünün ofisi ilə yanaşı, daha iki avropalı deputatın – belçikalı Mark Tarabella və Mariya Arenanın ofislərini də möhürləyib. Adı açıqlanmayan həmin “neft-qaz futbolu” ölkəsinin maraqlarını bu Avropa qurumunda təbliğ etmək üçün Avropa Parlamentində nüfuzlu vəzifə tutan siyasətçilərə rüşvət verildiyi barədə məlumatlar əldə edilib.

Siyasi karyerasını şərəfsiz şəkildə başa vuran Kayli son illərdə erməni lobbiçiləri, xüsusən də vaxtilə “Ədalət və Demokratiya uğrunda Avropa Erməni Federasiyası”nın (“ədalət” kəlməsi gülüncdür və əlbəttə, erməni anlayışındadır-müəllif) təsisçisi Kaspar Karampetyanla sıx əməkdaşlıq edib. Bu personaj da Afinada doğulub və onun Yunanıstan, Lüksemburq və Ermənistan vətəndaşlığı var. Afrikanın münaqişə bölgələrindən qaçaqmalçılıq yolu ilə Belçikaya müxtəlif rəngli brilyantlar daşımaqla böyük kapital qazanan Karampetyan, həm də qurduğu şübhəli federasiya vasitəsilə və Ermənistan xüsusi xidmət orqanlarının yaxından iştirakı ilə avropalı deputatları o vaxt işğal altında olan Qarabağa aparıb, fırıldaqçı və indi məhkəməsini gözləyən Bako Saakyanın Strasburqa səfərini təşkil edib, Avropa Parlamentinin dostluq qrupundan Ermənistanın xeyrinə bəyanatları satın alıb (yeri gəlmişkən, imza atanlar arasında həmişə eyni pul hərisinin – Kaylinin adı çəkilirdi) və həmçinin Koçaryan, Sarkisyan, Tsarukyan kimi siyasi möhtəkirlərin Ermənistanda oğurladığı sərvətləri Yunanıstan və Kiprdə “yumağa” köməklik göstərib. Ümumiyyətlə, “mafiya-lobbi” sxeminin erməni qəhrəmanının klassik almanaxı göz qabağındadır.

İnternetdəki açıq mənbələr Avropa Parlamentinin korrupsiyaya bataqlığına batmış mahiyyətini və bu məsələdə erməni lobbiçilərinin rolunu üzə çıxaran yazılar dərc edib. Bu qalmaqallarda Avropa Parlamentinin üzvlərinin adları üzə çıxıb. Hekayənin baş qəhrəmanı isə “Mövcud Siyasət üzrə Beynəlxalq Agentlik” adlanan başqa bir fırıldaq ofisinin təsisçisi Sarqis Mirzəxanyan adlı şəxs olub… Bu ofisin adı da artıq oxucuya məlum olan və bir növ “erməni ədaləti”nin rəmzinə çevrilmiş Karampetyanın federasiyası kimi gözəl səslənir. 2014-cü ildən Dövlət Dumasının deputatı İqor Zotovun köməkçisi olan Mirzəxanyan Avropa siyasətçiləri və media qurumları ilə işi koordinasiya edib. Daha sadə dillə desək, onları axtarıb tapır və satın alırdı. Eynilə, “Ölü canları”ın Çiçikovu kimi.

O, satın alınmış avropalı siyasətçiləri Krıma dəvət edir, qonorarlar barədə razılaşır, Avropa mediasında məqalələr sifariş edir, qətnamələrin və bəyanatların qəbulu üzrə lobbiçilik fəaliyyəti göstərir, Avropa şəhərlərində tətbiq olunan anti-Rusiya sanksiyalarına qarşı mitinqlərin təşkilatçısı rolunu oynayırdı.

Mirzəxanyanın yaratdığı avropalı siyasətçilərdən və lobbiçilərdən ibarət korrupsiya şəbəkəsi vasitəsilə Avropa Parlamentinin deputatlarına bu sanksiyalara qarşı çıxış etmək üçün külli miqdarda pul ödənilib. Əslində, Kipr parlamentindəki AKEL fraksiyasının üzvlərinin imzaları bu ölkənin Qərbin sanksiya koalisiyasından çıxması ilə bağlı qətnamə layihəsi üçün məhz bu yolla satın alınıb. Mirzəxanyanın yazışmalarında Kipr tərəfindən sanksiyaların ləğvi ilə bağlı qətnamənin mətni tapılıb ki, bu da bir neçə ay sonra həmin fraksiya tərəfindən imzalanmış son variantla demək olar ki, eynidir. Rusiya Diplomatik Akademiyasının məzunu Sarqis Mirzəxanyana isə pula ehtiyacı olan AKEL partiyasına qoşulmaqda eyni Alma Materin bənzər rəngarəng ad və soyadlı başqa bir məzunu – Areq Aqasaryan kömək edib.

Mirzəxanyanın qrupu Kiprlə yanaşı, İtaliya, Yunanıstan, Latviya, Avstriya və hətta AŞPA-da da sanksiya əleyhinə təşəbbüsləri hazırlayıb. Ayrı-ayrı Avropa ölkələrinin parlamentlərinin deputatları müəyyən ödəniş müqabilində və məbləği Mirzəxanyan tərəfindən ayrıca razılaşdırmaq şərti ilə, sanksiyaların ləğvi ilə bağlı qərar layihələri hazırlayıb qanunverici orqanlara təqdim etməli idilər. Ən maraqlısı odur ki, onların demək olar ki, hamısını türkofobiya, islamofobiya və ermənifiliya ilə tanınan sağçı radikal partiyalara mənsubiyyət amili birləşdirirdi. Mirzəxanyanın elektron poçtundan “sındırılaraq” götürülən yazışmalarda bu sxemlərin büdcəsi üzə çıxıb; belə bir layihənin təqdimatı üçün 20 min avro, səsvermə və sənədin qəbulu uğurlu olarsa, daha 15 min avro ödənilirdi. Məktubların birində Mirzəxanyan bildirir ki, o, adı açıqlanmayan avropalı siyasətçidən “səsvermənin qiymət tarifi” ilə bağlı məlumat alıb.

Sağçı partiyaların nümayəndələrinin – İtaliyanın Şimal Liqasından Paolo Tosato və Avstriya Azadlıq Partiyasından Yohannes Hübnerin yazışmalardan göründüyü kimi, onlar qətnamələr üçün təkliflər verməli idilər və həqiqətən də belə təkliflər təqdim edilib.

2016-cı ildə Mirzəxanyanın təşkilatı Veneto regional parlamentindən italiyalı deputat Stefano Valdeqamberi ilə əməkdaşlıq edib: bu, Avropa İttifaqında Rusiyaya qarşı sanksiyaların ləğvi ilə bağlı qətnamə qəbul edən ilk regiondur.

Mirzəxanyan elektron məktublarının birində yazırdı: “Bomba partlayışı effekti baş verdi! Media nöqteyi-nəzərindən bu, çox güman ki, bizim ən səs-küylü press-relizimiz olacaq!” Sonra Liquriya və Lombardiyadakı regional şuralar Venetonun yolu ilə getdilər və Krımı Rusiyanın bir hissəsi kimi “tanımaq” üçün öz qətnamələrini qəbul etdilər. Düzdür, yerli səviyyədə qəbul olunan bu qətnamələr heç bir nəticəyə gətirib çıxarmadı, çünki real, təsirli qərarlar ölkə səviyyəsində deyil, əyalət səviyyəsində deyil, qanunvericilikdə deyil, icra hakimiyyəti qanadında verilir.

Yəni, bu hekayədə bir tərəf ödəyib, digəri pulu alıb və sadəcə olaraq, layihələr təqdim etməklə, mənasız məktublar yazmaqla müştərini “aldadıb”. Amma buna baxmayaraq, bu, məsələn, “erməni soyqırımı”nın və ya “Artsaxın blokadasının pislənməsi”nin tanınması ilə bağlı bəyanatların və qətnamələrin nə qədər mənasız və nəticəsiz olduğunu açıq şəkildə göstərir. Bunun adı özünü aldatmadır! Pulu havaya sovurublar! Bu, məsələlərdən xəbəri olmayan adi insanın “boşanmasına” və sosial şəbəkələrdə “böyük” işlər gördüyü görüntüsü yaratmaqla ümumi sevinc hissi yaratmasına bənzəyir.

Artıq neçə dəfədir ki, hər qəbul edilən qətnamədən sonra sevinən sadəlövh ermənilərə başa salmağa çalışırıq ki, dünyanın bütün parlamentlərindən bu mənasız “JEK müdiri vəsiqəsi”ni yığsalar belə, bütün bu kağız yığını heç bir dəyişikliyə səbəb olmayacaq. Xəritədə torpaqlar, sərhədlər dəyişməyəcək. Dünya xəritəsində qətnamə qəbul etmiş ölkələrin bayraqlarını yerləşdirməklə özünüzü aldatmayın.

Bununla belə, bir klassikin də yazdığı kimi, “Ah, məni aldatmaq çətin deyil!.. Özümü aldatdığım üçün sevinirəm!”

Mirzəxanyanın yazışmalarında Avstriya, Almaniya, İtaliya, Çexiya və Polşadan Yalta Beynəlxalq İqtisadi Forumuna dəvət olunmuş doqquz avropalı siyasətçinin adı və onların 7600 avroluq aviabiletlərini nəzərə almasaq, 21500 avro məbləğində qonorarın doqquza bölünmüş siyahısı da var. Bura 300 milyon dollar dəyərində dəbdəbəli “Mriya” otelində qonaqlama da daxildir. Bu məqsədlə Mirzəxanyan 2017-ci ildə “HemingwayPartners PR” şirkətini anası Satenik Markaryanın adına rəsmiləşdirib. Böyük yazıçı sağlığında belə şübhəli şəriklərinin ola biləcəyindən xəbərsiz idi.

Yazışmalarda o da göstərilir ki, 2018-ci ildə vəfat etmiş avstriyalı siyasətçi Robert Ştayzl, Almaniyanın sağçı “Almaniya üçün Alternativ” – AfD partiyasının üzvü Manuel Oxsenrayter və polşalı ər-arvad Mateuş Piskorski və Marina Klebanoviç Mirzəxanyanla xüsusilə sıx əməkdaşlıq ediblər. Yeri gəlmişkən, Mateuş 2016-cı ildə casusluq ittihamı ilə həbs edilib.

Robert Ştayzl ilə yazışmalar poçtunda 90-a yaxın məktub var. O, şəxsi əlaqələrdən istifadə edərək İsveçrənin “Zeit Fragen” jurnalında Marina Klebanoviçin göndərdiyi məqalələri öz adı ilə dərc etdirirdi. Ştayzl 23 sentyabr 2016-cı il tarixli məktubların birində ona göndərilən yazıların keyfiyyətindən şikayət edib və ona belə cavab verilib: “Sarqis məqalələrin pulunu ödədiyi üçün izahatla maraqlanmır, əsas odur ki, onlar dərc olunur”.

Ştayzl qarşı tərəfə cavab yazıb: “Əgər dərc etdirmək istəyirsə, üslub və məzmunun məqbul olması ilə razılaşmalıdır. Mən robot deyiləm”. Lakin dörd gündən sonra sifarişli məqalə uğurla çap olunub.

Həmin Ştayzl Avropa Parlamentinin üzvü Evald Ştadler ilə sıx əməkdaşlıq edib, onun da Mirzəxanyanla yaxın münasibətləri olub.

AfD-dən olan alman sağçı radikal Manuel Oxsenrayterə gəlincə, yazışmalardan aydın olur ki, o, rəhbərlik etdiyi aylıq “ZUERST!” jurnalında məqalə dərc etmək üçün Mirzəxanyandan 12 min avro istəyib və eyni partiyadan olan Avropa Parlamentinin deputatı Markus Pretzel ilə müsahibə təşkil etməsi barədə ona məlumat verib. Sonuncu sanksiyalara qarşı çıxış edirdi. Müsahibə 2016-cı ilin iyul ayında götürülüb və dərc edilib. Əlbəttə, ödəniş edildikdən sonra.

Biz isə sadəlövhcəsinə düşünürdük ki, niyə Avropa nəşrləri Azərbaycanın ədalətli mövqeyini əks etdirən, ən əsası isə beynəlxalq hüquqdan və onların öyündükləri Avropa dəyərlərindən irəli gələn yazılarımızı dərc etmir. Ancaq mücrü tədricən açıldı və məlum oldu ki, siz bunun üçün pul ödəməli idiniz! Yəni, Avropa “dəyərlərinə” görə. Həm də Avropa qiymətləri ilə!

İndi, demək olar ki, il yarımdan sonra “Politico.eu” yeni sensasiyalı xəbərlər dərc edir. Məlum olur ki, Avropa Parlamentinin bir sıra deputatları “Avropanın Səsi” internet saytı vasitəsilə əvvəlki kimi, “sadəcə quru sağ ol” olmadan sanksiyaların ləğvi lehinə lobbiçilik etməyə davam edirlər. Həm Brüsseldə, həm də Strasburqda siyasətçilərin mənzillərində və ofislərində reydlər keçirilib, elektron və fiziki yaddaş daşıyıcıları ələ keçirilib. Müttəhimlər arasında eyni sağ radikal partiyaların üzvlərinin də adları var. Onlardan biri də hollandiyalı siyasətçi Marsel de Qraafdır. Onun köməkçisi aprel ayında Çin kəşfiyyatında xidmət etdiyinə görə həbs edilən başqa bir ifrat sağçı alman deputat Maksimilian Kraç ilə sıx əlaqədə idi. Drezden prokurorluğu artıq Kraçın bir sıra xarici ölkələrin siyasi dairələri ilə əlaqəsini və onlardan müqavilə fəaliyyəti üçün ödəniş almasını araşdırır. Bundan əlavə, alman siyasətçi nasizmə rəğbəti və nasist salamları ilə tanınır.

Bundan əlavə, Almaniyanın “Thueringer Allgemeine” qəzeti etibarlı mənbələrə istinadla bu yaxınlarda yazıb ki, Belçika polisi və alman müstəntiqlər sağ mərkəzçi Avropa Xalq Partiyasının (EPP) Brüsseldəki qərargahına basqın ediblər. Reyd mərkəzi Türingiya əyalətində (Almaniya) Xristian Demokratlar Partiyasının lideri Mario Voigta qarşı EPP-nin 2019-cu il Avropa seçkiləri üçün rəqəmsal təşviqat kampaniyasındakı rolu ilə bağlı davam edən korrupsiya araşdırması ilə əlaqədar olub. İstintaq Voigtin kampaniya zamanı müqavilə bağladığı internet şirkətindən təzminat alması ilə bağlı iddialara əsaslanır. EPP üzvləri arasında Avropa Parlamentinin sədri Robert Metsola, Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis və İsveçin Baş naziri Ulf Kristersson kimi məşhur siyasətçilər də var.

Bu, Avropa Parlamentində birinci və güman edirik ki, sonuncu korrupsiya qalmaqalı deyil. Həm də bu təşkilat hələ başqalarına da “ağıl verməklə” məşğuldur. Burada məşhur bir aforizm yada düşür; öz gözündə tiri görmür, başqasının gözündə tük axtarır.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts