Tokio, 27 iyul , /AJMEDIA/
Yaponiya parlamentinin avqustun 3-də çağırılacaq növbədənkənar üçgünlük sessiyası zamanı yuxarı palatanın yeni sədrinin seçilməsi və iyulun 8-də qətlə yetirilən sabiq Baş nazir Şinzo Abe haqqında xatirə nitqinin səslənməsi planlaşdırılır.
AJMEDIA xəbər verir ki, bu barədə qərar hakim Liberal Demokratik Partiyadan olan deputatların toplantısında qəbul edilib. Qeyd edilir ki, Şinzo Abenin rəhbərlik etdiyi hökumətdə azad ticarət haqqında Trans-Sakit okean Tərəfdaşlığı barədə razılaşmaya cavabdeh olan nazir vəzifəsində çalışmış, hazırda Yaponiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun həmsədri olan Akira Amari avqustun 5-də sabiq Baş nazir haqqında xatirə nitqi söyləyəcək.
Qeyd edək ki, bu sessiya iyulun 10-da parlamentin yuxarı palatasına keçirilən seçkilərdə hakim Liberal Demokratik Partiyanın və onun koalisiya tərəfdaşı “Komey-to” partiyasının inamlı qələbəsindən sonra keçiriləcək ilk sessiya olacaq.
Yuxarı palatanın sədrinin və onun müavininin seçiləcəyi sessiya barədə parlamentin hər iki palatasındakı komitə sədrlərinin artıq məlumatlandırıldığı qeyd edilir.
Xatırladaq ki, iyulun 22-də Yaponiya hökuməti ölkənin müharibədən sonrakı tarixində hökumətə ən uzun müddət rəhbərlik etmiş Şinzo Abenin sentyabrın 27-də dövlət səviyyəsində dəfn mərasiminin keçirilməsi barədə qərar verib. Dəfn mərasiminin bütün xərcləri Yaponiya hökuməti tərəfindən qarşılanacaq.
Hökumətin bu qərarını birmənalı qarşılamayan müxalifət partiyaları parlamentin sessiyasının daha uzun müddətli olmasını və burada həmin suala cavabın açıqlanmasını tələb edirlər.