Tokio, 3 iyul , /AJMEDIA
İyulun 3-də Astanada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev ilə görüşü keçirilib.
AJMEDIA xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidentinin Azərbaycana səfəri zamanı əldə olunmuş razılaşmaların həyata keçirilməsi istiqamətində birgə addımların və səylərin davam etdirildiyini vurğuladı, görüşün yaxın günlərdə Türk Dövlətləri Təşkilatının Şuşada keçiriləcək qeyri-rəsmi Zirvə toplantısında davam edəcəyini bildirdi.
Türk Dövlətləri Təşkilatının da ölkələrimizin gündəliyində prioritet istiqamət olduğu vurğulandı.
Prezident İlham Əliyev Kasım-Jomart Tokayevin rəhbərliyi ilə Qazaxıstanın inkişafının, beynəlxalq səviyyədə nüfuzunun artmasının, ölkədə həyata keçirilən siyasi-iqtisadi islahatların dost və qardaş Azərbaycanı da sevindirdiyini bildirdi, bu münasibətlə təbriklərini çatdırdı.
Qazaxıstan Prezidenti qeyd etdi ki, ölkəsi Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına tam üzvlüyünü dəstəkləməyə hazırdır.
Kasım-Jomart Tokayev COP29-un ölkəmizdə keçirilməsi münasibətilə təbriklərini çatdırdı.
COP29-un dünya səviyyəsində ən mötəbər tədbirlərdən biri olduğunu deyən Qazaxıstan Prezidenti Azərbaycanın bu tədbiri uğurla təşkil edəcəyinə əminliyini bildirdi.
Görüşdə dost ölkələrin bu məsələ ilə bağlı müxtəlif təşəbbüslərlə çıxış etmələrinə toxunuldu.
Prezident İlham Əliyev təbriklərə görə minnətdarlığını ifadə etdi.
Söhbət zamanı Orta Dəhlizin inkişafı istiqamətində nailiyyətlər qeyd olundu, Birgə İnvestisiya Fondu ilə əlaqədar imzalanacaq anlaşma memorandumunun əhəmiyyəti bildirildi və bu xüsusda artıq konkret layihələrin icrasına dair aidiyyəti qurumlara tapşırıqlar verildiyi diqqətə çatdırıldı.
Humanitar sahədə əməkdaşlığa toxunuldu, Qazaxıstan Mədəniyyət Günlərinin Azərbaycanda uğurla keçirildiyi, Azərbaycan Mədəniyyət Günlərinin isə bu ilin sentyabrında Qazaxıstanda keçiriləcəyi vurğulandı.