Tokio, 26 yanvar , /AJMEDIA/
İnsan hüquqları və demokratiyadan, demokratik dəyərlərdən bəhs edən qurumların ayrı-ayrı regionlar və ölkələrə yanaşmasında ikili standartlar siyasəti və selektiv münasibətə rast gəlinir. Bəllidir ki, bu hallar daha çox özünü dünyaya “demokratiya keşikçisi” kimi təqdim edən Qərbin, xüsusilə də Avropanın müvafiq təşkilatlarının mövqeyində göstərir.
Bu fikirləri açıqlamasında Milli Məclisin deputatı Anar Məmmədov deyib.
AŞPA-nın Azərbaycana qarşı əsassız iddialar irəli sürməsindən təəssüfləndiyini dilə gətirən deputat bildirib: “Həqiqəti əks etdirməyən bu cür sənədlərin qəbulu AŞPA-nın timsalında bəzi beynəlxalq təşkilatların siyasi məsələlərə selektiv yanaşmasının və işğalçı dövləti dəstəkləməsinin əyani sübutudur. Məsələnin əsli isə hər kəsə məlumdur. Bu qərəzli qərarla bağlı Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti bəyanatla çıxış edib. Bəyanatda da açıq şəkildə AŞPA-nın, ilk növbədə, öz prinsiplərinə zidd, biabırçı bir addım atdığı ifadə olunur.
Demokratik inkişaf yolu seçmiş Azərbaycana qarşı atılan qərəzli addımların və irəli sürülən ittihamların heç bir əsası yoxdur. Ermənistan 30 il ərzində Azərbaycanın torpaqlarını işğal altında saxlayarkən biz bu məsələləri hər zaman gündəmə gətirmiş, işğalçı dövlətlə münasibətdə təzyiq metodlarının işə salınmasını tələb etmişdik. Ancaq o zaman bizə cavab verilirdi ki, AŞPA bu kimi məsələlər üçün münasib platforma deyil. Bu məsələlərlə ATƏT məşğuldur. İndi isə əsl simalarını ortaya qoyurlar. Bu təşkilat çərçivəsində Azərbaycana qarşı təzyiqlər işə salınır, nümayəndə heyətimizin etimadnaməsini təsdiqləmirlər. Bütün bunlar birbaşa ikili standartların, “erməniçiliyin” təbliğatının və milli-etnik zəmində təkəbbürün ifadəsidir. Azərbaycan güclü dövlətdir və siyasi iradə nümayiş etdirir. Heç kim Azərbaycanla təhdid dilində danışa bilməz”.
AŞPA kimi qurumların erməni lobbisinin təsiri altında olduğunu vurğulayan deputat ölkəmizə qarşı ötən ilin sentyabrında AŞPA tərəfindən qəbul edilən qətnamədə də erməni təsirinin olduğunu bildirib: “Çünki həmin sənəddə əsas istiqamət bölgədə saxta “humanitar vəziyyət” yaratmağa yönəlmişdi. Bu isə ermənilərin elə “humanitar şousu”nun davamı idi. Halbuki, Azərbaycan hökuməti daim Qarabağda bütün sosial-iqtisadi problemlərin həlli, humanitar sahədə dəstəyin göstərilməsi, reinteqrasiya məsələlərinin həll olunması kimi bir sıra təşəbbüslərlə çıxış edib. Rəsmi Bakı elə əvvəldən reinteqrasiya prosesinin sürətləndirilməsinə maraq göstərməklə yanaşı, təmasların qurulmasına və kommunikasiyaların açılmasına çalışıb”.
Hazırda ermənilərin Azərbaycan vətəndaşlığını daşıması, manatımızın dövriyyəyə buraxılması, kommunal təminatın dayanıqlığının həll olunması istiqamətində mühüm işlər görüldüyünü diqqətə satdıran Anar Məmmədov deyib: “Artıq Xankəndi şəhəri Azərbaycanın elektrik enerjisi hesabına işıqlandırılır. Qeyd etdiklərimiz, Azərbaycanın öz ərazilərində yaşayan digər millətin nümayəndələrinə qarşı göstərdiyi qayğı və diqqətin nümunəsidir. Şübhəsiz, AŞPA-nın heç bir hüquqi qüvvəsi olmayan bu cür qətnamə qəbul etməsi regionda revanşizmə təhrikdir.
Bu baxımdan, AŞPA-nın bu cür mövqe sərgiləməsi qəbuledilməzdir və Azərbaycan nümayəndə heyətinin AŞPA-dakı fəaliyyətini qeyri-müəyyən müddətdə dayandırması çox düzgün addımdır”.