Asiya Parlament Assambleyasının Koordinasiya iclasında Cənubi Qafqazdakı proseslər barədə məlumat verilib

Tokio, 15 oktyabr, /AJMEDIA/

İsveçrənin Cenevrə şəhərində Parlamentlərarası İttifaqın 149-cu Assambleyası çərçivəsində Asiya Parlament Assambleyasının Koordinasiya iclası keçirilib.

Bu barədə AJMEDIA-ya Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, hazırda Azərbaycanın sədri olduğu Asiya Parlament Assambleyasında Milli Məclisin nümayəndə heyətinin rəhbəri, təşkilat sədrinin təmsilçisi Rizvan Nəbiyev koordinasiya iclasına sədrlik edib.

O, çıxışında Ermənistanla Azərbaycan arasında silahlı münaqişənin sona çatmasından sonra Cənubi Qafqazda yaranan siyasi reallıqlar və postmünaqişə dövründə baş verən proseslər haqqında məlumat verib. Rizvan Nəbiyev Ermənistanla sülh müqaviləsinin imzalanması təşəbbüsünün Azərbaycan Prezidenti İlham Əliyevə məxsus olduğunu nümayəndə heyətlərinin diqqətinə çatdırıb. Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması və münasibətlərin tam normallaşması üçün Ermənistanın öz Konstitusiyasına dəyişiklik etməsinin və Azərbaycana qarşı ərazi iddialarından əl çəkməsinin mütləq şərt olduğu qeyd edilib.

Nümayəndə heyətinin rəhbəri, həmçinin 300 min azərbaycanlı qaçqını təmsil edən Qərbi Azərbaycan İcmasının müraciətlərinə baxmayaraq, Ermənistan hökumətinin dialoqdan qaçdığını və onların insan hüquqları haqqında müxtəlif beynəlxalq sənədlərdə təsbit olunmuş qayıdış hüququnu təmin etməkdən yayındığını diqqətə çatdırıb.

Rizvan Nəbiyev bu ilin noyabr ayında Azərbaycanın Cənubi Qafqazda və bütövlükdə regionda ilk dəfə olaraq BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP-29-a ev sahibliyi edəcəyini xatırladıb. Azərbaycan Respublikası tərəfindən maliyyə, insan kapitalı, sülh və bir sıra digər məsələlər üzrə 14 təşəbbüsdən ibarət olan iddialı Fəaliyyət Proqramının hazırlanması diqqətə çatdırılıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts