Tokio, 30 iyun, /AJMEDIA/
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Ruanda Respublikası Hökumətinin dəvəti ilə bu ölkəyə səfər edib.
Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AJMEDIA-ya verilən məlumata görə, səfər çərçivəsində Ruandanın İnkişaf Şurası, dövlət xidməti naziri, eləcə də, digər aidiyyati qurumların rəhbər vəzifəli şəxslərinin iştirakı ilə görüş keçirilib. Ülvi Mehdiyev tərəfindən “ASAN xidmət”, həmçinin Dövlət Agentliyinin digər fəaliyyət istiqamətləri ilə əlaqədar geniş təqdimat edilib.
Görüşdən sonra Dövlət Agentliyi ilə Ruandanın İnkişaf Şurası arasında Anlaşma Memorandumu imzalanıb. Məqsəd “ASAN xidmət” təcrübəsinin Ruandada tətbiqidir. Anlaşma Memorandumunun implementasiyası çərçivəsində “ASAN xidmət” təcrübəsi əsasında Ruandada dövlət xidməti mərkəzinin yaradılması planlaşdırılır.
Səfər zamanı Dövlət Agentliyinin sədri Kiqali Soyqırımı Memorialını ziyarət edib, kütləvi qətliamın qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq əklil qoyub və xatirə kitabına ürək sözlərini yazıb.
Xatırladaq ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının ölkəmizdə keçirilən 29-cu sessiyası (COP29) çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev ilə Ruanda Prezidenti Pol Kaqame arasında keçirilmiş görüş zamanı “ASAN xidmət” təcrübəsinin Ruandada tətbiqinin maraqlı olduğu bildirilib, bu çərçivədə Ruanda nümayəndə heyəti ölkəmizdə səfərdə olub.