Ankarada Azərbaycan mədəniyyətinə maraq artır: “Səda” kurslarının konserti

Tokio, 10 iyun , /AJMEDIA/

Türkiyədə Azərbaycan rəqs qruplarının və müxtəlif musiqi kurslarının sayının artması da qardaş ölkədə Azərbaycan mədəniyyətinə olan yüksək marağın təzahürüdür.

AJMEDIA xəbər verir ki, bunlardan biri də Ankarada fəaliyyət göstərən “Səda” musiqi kurslarıdır.

Türkiyə paytaxtındakı Azaflı Sosial Dəstək və Kültür Dərnəyinin binasında “Səda” kurslarını uğurla başa vuran bir qrup uşaq və yeniyetmənin növbəti buraxılışı olub. Tədbirdə Azərbaycan, türk və xarici klassik musiqilərdən ibarət kompozisiyalar təqdim olunub, “Sarı Gəlin” və “Ayrılıq” əsərləri tamaşaçılar tərəfindən xüsusi maraqla qarşılanıb. Balaca Pelin Beyazkılıç pianoda “Nazəndə sevgilim” bəstəsini ifa edib.

Kursların rəhbəri Aytən Rəhimovanın sözlərinə görə, Ankarada artıq iki ildir ki, Azərbaycanda və Türkiyədə musiqi təhsili almış sertifikatlı mütəxəssislərin iştirakı ilə “Səda” musiqi kursları fəaliyyət göstərir. Onun sözlərinə görə, müxtəlif yaş kateqoriyalarından olan uşaq və yeniyetmələr Azərbaycanın musiqisinə və mədəniyyətinə böyük maraq nümayiş etdirirlər. Kurslara fortepiano, skripka, gitara, ud və vokal qrupları daxildir.

Aytən Rəhimova qeyd edib ki, “Səda” musiqi kurslarının ilk konsert proqramı hələ 2023-cü ilin dekabrında olub, bir gün əvvəl isə Ankarada kurs məzunlarının iştirakı ilə ikinci konsert keçirilib. O, “Səda” kursları kimi təşəbbüslərin Azərbaycan və Türkiyə xalqlarının daha da yaxınlaşmasına töhfə verəcəyinə əminliyini ifadə edib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts