Tokio, 23 avqust , /AJMEDIA/
ABŞ-ın NewsBlaze xəbər portalında Kaliforniya ştatının Qlendeyl şəhərinin separatçı erməni təbliğatının mərkəzinə çevrilməsindən və Azərbaycan həqiqətlərindən bəhs edilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AJMEDIA-ya bildiriblər ki, ABŞ-Azərbaycan Mədəniyyət Fondunun rəhbəri, jurnalist Nurit Qringerin qələmə aldığı məqalədə erməni mühacirlərin çox olduğu Qlendeyl şəhərinin mərkəzində tarixə qovuşmuş münaqişənin əks-sədasının hələ də gəlməkdə olduğu qeyd edilib. Vurğulanıb ki, çünki ermənilər Azərbaycanın Qarabağ bölgəsini “Artsax” adlandırmaqla qonşunu qonşuya, xristianları müsəlmanlara qarşı qoyublar. Bolşevik təcavüzü, Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalı və gərgin etnik xatirələri əsasında idarə olunan erməni əsilli amerikalılar münaqişə ilə bağlı beynəlxalq aləmdə qəbul edilmiş həqiqətə məhəl qoymadan “Artsax” davasının ifrat tərəfdarlarına çevriliblər. Onun fikrincə, Qlendeyl şəhərində ermənilərin avtomagistralı bağlamaqla aksiya keçirmələri sonsuz nifrət və inamsızlığı özündə ehtiva edən, gərgin, qütbləşən mübarizənin bariz nümunəsidir.
Ermənilərin apardıqları təbliğatı milyonlarla insanın ölümünə səbəb olan İosif Stalinin və Adolf Hitlerin təbliğatı ilə müqayisə edən müəllif xatırladıb ki, son 30 ildə Ermənistan və ABŞ-dakı erməni lobbisi məhz Azərbaycana qarşı belə nifrət təbliğatı aparmaqdadır.
Müəllif ermənilərin XX əsrin əvvəllərindən xalqımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımları törətmələri, Birinci və İkinci Qarabağ savaşları, BMT-nin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən 4 qətnaməsi, Ermənistanın bu qətnamələrə məhəl qoymaması, Azərbaycan torpaqlarında tarixi, mədəni abidələrin, yaşayış məntəqələrinin məhv edilməsi, ölkəmizin yeni ərazilərin işğalına gətirəcək yeni müharibələrlə hədələnməsi kimi faktları yerli ictimaiyyətin diqqətinə çatdırıb.
Azərbaycanın əzəli torpaqlarını işğaldan azad etdikdən sonra Qarabağda yaşayan erməni vətəndaşları ilə əlaqələrin qurulması və Ermənistanla sülh müqaviləsinin imzalanması üçün ardıcıl addımlar atdığına diqqət cəlb edilib. Vurğulanıb ki, Azərbaycanın xoş məramlarına baxmayaraq, Ermənistan indiyədək sülh təşəbbüslərinə və regionda normallaşma prosesinin bərqərar olunmasına əngəllər törədir. Rəsmi İrəvanın 2020-ci il 10 noyabr tarixli üçtərəfli razılaşmanın müddəalarına əməl etmədiyi, silahlı qüvvələrini indiyədək Azərbaycan ərazisindən çıxarmadığı, Laçın yolu ilə silah-sursat daşıyan qüvvələri maliyyələşdirdiyi, Azərbaycanın təbii resurslarını qeyri-qanuni olaraq istismar etdiyi diqqətə çatdırılıb.
Azərbaycanın müstəqil dövlət kimi öz Konstitusiyasına və beynəlxalq hüququn normalarına uyğun olaraq təhlükəsizliyini, sərhədləri üzərində suverenliyi təmin etmək, Ermənistanın qanunsuz, təcavüzkar hərəkətlərinin qarşısını almaq üçün Laçında dövlət sərhədindən buraxılış məntəqəsi yaratdığı bildirilib. Bu məntəqənin Azərbaycanın Qarabağdakı erməni əsilli vətəndaşlarının, Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) əməkdaşlarının, eləcə də Rusiya sülhməramlı kontingentinin keçidini asanlaşdırdığı qeyd edilib.
Ermənistanın isə Azərbaycan ərazisində qeyri-qanuni fəaliyyətini davam etdirmək məqsədilə mütəmadi olaraq “regionda həyəcanlı və gərgin humanitar vəziyyət” barədə yalan məlumatlar yaydığı, təxribatlar törətməyə davam etdiyi bir daha xatırlanıb. Ermənistan tərəfinin iyulun 15-də Azərbaycan sərhədçilərini atəşə tutduğu, iyulun 26-da isə əraziyə qaçaqmal, o cümlədən yük avtomobilləri göndərməyə cəhd etdiyi kimi faktlar buna nümunə olaraq göstərilib.
Qarabağ bölgəsində yaşayan ermənilərin ehtiyaclarını ödəmək üçün Azərbaycanın Avropa İttifaqı və BQXK-nın vasitəsilə Ağdam-Xankəndi və digər alternativ yollar təklif etdiyi, Ermənistanın həmişə olduğu kimi, bütün təkliflərə qarşı çıxdığı və alternativ yollara beton sədlər çəkərək əraziyə girişi bağladığı bildirilib.
Müəllif qeyd edib ki, bu davranış ermənilərin humanitar vəziyyətlə bağlı bəyanatlarının şantaj və manipulyasiya niyyəti daşıyan siyasi hiylədən başqa bir şey olmadığını göstərir. Ermənistanın niyyəti regiona üçüncü tərəfləri cəlb etmək və sülh prosesinin iflasa uğramasına səbəb olacağı ümidi ilə coğrafi gərginliyi genişləndirməkdir.
Məqalədə erməni lobbisinin maraqlarına xidmət edən konqresmen Adam Şiffin fəaliyyəti də sərt tənqid edilib. Bildirilib ki, Konqresin üzvü qalmaq üçün erməni səslərinə çox ehtiyacı olan konqresmen Şiff ABŞ-ın etibarlı tərəfdaşı Azərbaycanla bağlı faktları təhrif edir və ictimaiyyətə qəsdən dezinformasiyalar ötürür. ABŞ Dövlət Departamenti və nüfuzlu kütləvi informasiya vasitələri isə konqresmenin bu yolverilməz davranışını ifşa etmir. Hökumət və iri KİV-lər sükan arxasında yatır…
Müəllif hesab edir ki, Ermənistanın hiylə və manipulyasiya orbitində olan, yalan bəyanatlar verməkdə davam edən, Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmətsizlik edən ölkələr və beynəlxalq təşkilatlar həqiqəti eşitməlidir. Onların əsl faktları öyrənməsi Azərbaycanın daxili işlərinə qarışmaqdan əl çəkilməsi və ikili standartlar siyasətinə son qoyulması ilə nəticələnə bilər