Tokio, 4 fevral, /AJMEDIA/
AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru akademik Rasim Əliquliyev dünyaşöhrətli azərbaycanlı alim Lütfi Zadənin anadan olmasının 100 illiyinə və elmi irsinə həsr olunmuş “Soft Computing” üzrə səkkizinci ümumdünya konfransının onlayn formatda keçirilən açılış mərasimində çıxış edib.
AJMEDIA xəbər verir ki, bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib. Bildirilib ki, qeyri-səlis məntiq nəzəriyyəsinin Lütfi Zadəyə dünya şöhrəti qazandırdığını deyən akademik bu nəzəriyyənin dünya elm tarixinə inqilabi nailiyyət kimi daxil olduğunu söyləyib. Rasim Əliquliyev bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2021-ci il yanvarın 25-də “Görkəmli elm xadimi Lütfi Zadənin 100 illiyinin qeyd edilməsi haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Milli Elmlər Akademiyası Təhsil Nazirliyi ilə birlikdə görkəmli elm xadiminin 100 illik yubileyinə dair fəaliyyət planı hazırlayıb.
Konfransın həmin fəaliyyət planı çərçivəsində təşkil olunduğunu vurğulayan Rasim Əliquliyev bu tədbirin Lütfi Zadə yaradıcılığının, onun bəşəri ideyalarının təbliğinə töhfələr verəcəyinə, müvafiq sahədə əldə olunmuş elmi nailiyyətlərin təqdim olunması üçün mühüm platforma rolunu oynayacağına əminliyini bildirib.
Xalqımızın adını daim uca tutduğu, qürur hissi keçirdiyi görkəmli elm fədaisi olan Lütfi Zadənin 100 illik yubileyinə həsr olunmuş konfransın əhəmiyyətini önə çəkən akademik Azərbaycan dövlətinin belə bir tədbiri keçirməyə mənəvi haqqının çatdığını, dünyaşöhrətli alimin bir azərbaycanlı kimi hər zaman Vətənə bağlı olduğunu, dövlət siyasətimizi dəstəklədiyini nəzərə çatdırıb.
Rasim Əliquliyev dövlət başçısı İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın sosial-iqtisadi inkişafı yolunda mühüm nəticələrin əldə edildiyini, ölkəmizdə süni intellekt, IV sənaye inqilabı və dünyanın qlobal çağırışlarını, milli və strateji maraqları özündə ehtiva edən elmi-nəzəri, innovativ tədqiqatların aparıldığını deyib. Azərbaycan alimlərinin dünyada gedən proseslərdə fəal iştirak edərək elm qarşısında dayanan qlobal problemlərin həllinə yönələn çağırışlara qoşulduqlarını vurğulayıb.
“Azərbaycan Soft Computing sahəsində tədqiqat mərkəzlərindən biridir”, – deyən AMEA-nın vitse-prezidenti ölkənin bir çox elmi qurumları və ali məktəblərində qeyri-səlis məntiq, Soft Computing, süni intellekt və digər prioritet istiqamətlərdə araşdırmaların aparıldığını, mühüm nəticələrin əldə edildiyini bildirib.
Qeyd edilib ki, 2021-ci ilin nəticələrinə görə, Azərbaycan Cənubi Qafqazda kompüter elmləri sahəsində birinci yerdə qərarlaşıb.
Akademik belə bir mühüm tədbirin keçirilməsində əməyi olan təşkilatçılara, eləcə də alim və tədqiqatçılara təşəkkürünü bildirib: “Pandemiya şəraitinə baxmayaraq, həm Azərbaycan, həm də dünyanın müxtəlif ölkələrindən olan aparıcı alimləri bir araya gətirən bu tədbir Lütfi Zadə ideyalarının yayılmasına təkan verməklə yanaşı, elmi əməkdaşlıq üçün yeni imkanlar açacaq”.