AMEA-nın Genetik Ehtiyatlar İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib

Tokio, 28 Oktyabr, /AJMEDIA/

Oktyabrın 27-də AMEA-nın Genetik Ehtiyatlar İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.

İnstitutdan AJMEDIA-ya bildirilib ki, karantin qaydalarına əməl olunmaqla keçirilən iclasın gündəliyində institutun birinci kurs magistrantlarının dissertasiya mövzularının və elmi rəhbərlərinin təsdiqi, Elmi şuranın tərkibində qismən dəyişiklik edilməsi, “Qarabağ Elmi-Tədqiqat Bazasının infrastrukturunun bərpası, bölgə üçün yaradılmış buğda və arpa sortlarının toxumçuluğunun təşkili məsələləri” mövzusunda keçirilmiş tarla seminarının nəticələrindən irəli gələn vəzifələr, cari ilin yekun hesabatına hazırlıq və sair məsələlər yer alıb.

Bu il instituta qəbul olmuş 9 magistr tələbənin hər biri ilə təyin olunmuş dissertasiya mövzusu və elmi rəhbərinin təsdiq olunması ilə bağlı müsahibə aparılıb. Tədqiqat obyekti bitki, heyvan və insan olan genetik tədqiqatlara dair dissertasiya mövzularının aktuallığı nəzərə alınaraq Elmi şura üzvləri tərəfindən mövzular və elmi rəhbərlər yekdilliklə təsdiq olunub.

İnstitutun baş direktoru Zeynal Əkpərov çıxış edərək AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsi və Genetik Ehtiyatlar İnstitutunun təşkilatçılığı ilə “Qarabağ Elmi-Tədqiqat Bazasının infrastrukturunun bərpası, bölgə üçün buğda və arpa sortlarının toxumçuluğunun təşkili məsələləri” mövzusunda Tərtər rayonunun Şıxarx qəsəbəsində keçirilən tarla seminarının əhəmiyyətindən danışıb. O, tarla seminarında Biologiya və Tibb Elmləri Bölməsinin sədri, AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynovanın rəhbərlik etdiyi 9 nümayəndə heyətinin, AMEA Genetik Ehtiyatlar İnstitutunun 9 əməkdaşının, elmi təcrübə bazalarının 3 əməkdaşı da daxil olmaqla Qarabağ elmi tədqiqat bazasının bütün əməkdaşlarının, kənd təsərrüfatı nazirliyinin və özəl şirkətlərin nümayəndələrinin, habelə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun, rayonun əlaqədar müəssisələrinin mütəxəssislərinin və ayrı-ayrı kütləvi informasiya vasitələrinin nümayəndələrinin də iştirak etdiyini bildirib. Tərtərdə tarla seminarı keçirilməklə sübut olundu ki, Qarabağ Elmi-Tədqiqat Bazası öz əzəli yurduna, məskəninə qayıdıb. İclasda bölgənin genetik ehtiyatlarının bərpa olunması, yeni məhsuldar sort və cinslərin yaradılması, mühafizə olunması və davamlılığının təmin olunması üçün 1950-1989-cu illərdə institutun mülkiyyətində və istifadəsində olmuş 1694 hektar ərazinin işğaldan sonra Azərbaycan Prezidenti İlham Əliyevin müraciətləri əsasında dirçəldilməsi, infrastrukturlarının bərpa edilməsinin qarşıda duran ən ümdə vəzifə olduğu bildirilib.

Tədbirdə Elmi şuranın bütün üzvləri bazanın keçmiş möhtəşəm uğurlu ənənələrinin bərpa olunması kompaniyasında iştirak etməyi yekdilliklə dəstəkləyiblər.

İclasda institutun baş meneceri Rafail Mahmudovun Elmi şuraya üzv seçilməsinə yekdilliklə səs verilib. Gündəlikdə nəzərdə tutulan digər məsələlər ətrafında da müzakirələr aparılıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts