AMEA Naxçıvan Bölməsində qarşıda duran vəzifələr müzakirə olunub

Tokio, 8 yanvar, /AJMEDIA/

AMEA Naxçıvan Bölməsində altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin altıncı sessiyasının yekunları və qarşıda duran vəzifələr müzakirə edilib.

AJMEDIA xəbər verir ki, Naxçıvan Bölməsinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, tədbirdə çıxış edən bölmənin sədri, akademik İsmayıl Hacıyev 2021-ci ilin ölkəmiz üçün uğurlu il olduğunu diqqətə çatdırıb, dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş torpaqlarda aparılan quruculuq işlərindən söz açıb. Vurğulanıb ki, ordu quruculuğu sahəsində atılan möhtəşəm addımlar və yeni-yeni işlər bu siyasətin uğurlu davamıdır.

Daha sonra akademik İsmayıl Hacıyev “Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin altıncı sessiyasının yekunları və AMEA Naxçıvan Bölməsinin qarşısında duran vəzifələr”lə bağlı məruzə edib. Muxtar respublikada davamlı və kompleks inkişafın təmin olunduğunu deyən alim qeyd edib ki, ümumi daxili məhsul istehsalının 3 milyard manatdan çox olması, sənaye və kənd təsərrüfatı sahəsində aparılan kompleks addımlar bu inkişafa öz töhfəsini verib.

Akademik AMEA Naxçıvan Bölməsində 2021-ci ildə yerinə yetirilən işlər və əldə olunan nailiyyətlər haqqında məlumat verərək bildirib ki, bölmədə 6 elmi istiqamətdə 6 prоblemi əhatə edən 7 mövzu üzrə 37 iş 88 mərhələdə yerinə yetirilib, 6 mühüm nəticə əldə olunub. 2 akademik, 4 müxbir üzv, 5 elmlər dоktоru, 49 fəlsəfə dоktоru, 28 doktorant və dissertantdan ibarət 88 əməkdaş tərəfindən aparılan tədqiqatlar 15 monoqrafiya, 11 kitab, 1 kitabça, 2 metodik vəsait, 457 elmi məqalə, 182 konfrans materialı, 5 tezis olmaqla, 672 elmi əsərdə əksini tapıb. 3 buklet, 3 xəritə tərtib edilib, 2 patent və 1 sənaye nümunəsi təsdiq olunub. Əsərlərdən 159-u xaricdə nəşr olunub. 46 məqalə impakt faktorlu jurnallarda çapdan çıxıb, bunlardan 17-si Clarivate Analytics indekslidir. Bölmə əməkdaşlarının əsərlərinə il ərzində 880 istinad qeydə alınıb. Bölmədə 2 beynəlxalq səviyyəli qrant layihənin icrası uğurla davam etdirilib. “Elmi əsərlər” və “Axtarışlar” jurnallarının hər birinin dörd nömrəsi işıq üzü görüb. Qars müqaviləsinin 100 illiyi ilə əlaqədar “Naxçıvan” ictimai-siyasi, ədəbi-bədii, elmi-publisistik jurnalının bir nömrəsi, “Elmi əsərlər” jurnalının Aşıq Ələsgərin 200 və Xalq rəssamı Kamil Əliyevin 100 illik yubileylərinə həsr olunan xüsusi nömrələri nəşr olunub.

“Bölmədə bir beynəlxalq səviyyəli, 2 respublika səviyyəli, 5 muxtar respublika səviyyəli, 13 bölmə səviyyəli elmi konfrans, 10 tədbir, oxunması zəruri olan 5 kitabın müzakirəsi və 9 təqdimat keçirilib”, – deyən İsmayıl Hacıyev kadr hazırlığı barədə də danışıb. Qeyd edib ki, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə 1 nəfərə elmlər doktoru elmi dərəcəsi, 2 nəfərə dosent elmi adı verilib. Əməkdaşlardan 1 nəfər elmlər doktoru dissertasiya işini müvəffəqiyyətlə müdafiə edib, 2 nəfərin elmlər doktoru dissertasiya işi isə seminardan keçərək müdafiəyə buraxılıb, 2 əməkdaşın doktorluq işi isə müdafiə ərəfəsindədir. Bölmədə fəaliyyət göstərən Dissertasiya Şurasında 7 fəlsəfə doktoru dissertasiyasının müdafiəsi keçirilib.

Azərbaycan Milli Elmlər Akademiyasının sabiq prezidentinin məktubunu nəzərə alaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tövsiyəsi ilə AMEA Naxçıvan Bölməsində UNESCO səviyyəli “İlandağ” geoparkının yaradılması və onun Qlobal Geoparklar Sisteminə və Ümumdünya İrsi Siyahısına salınmasına dair tədbirlər həyata keçirildiyini deyən alim diqqətə çatdırıb ki, layihə çərçivəsində geoparkın yerləşəcəyi ərazinin kompleks qiymətləndirilməsi və ətraflı geoloji-geomorfoloji təsviri istiqamətində işlər görülüb. Həmçinin geopark ərazisinin ümumi, geoloji, geomorfoloji, landşaft, tarix-memarlıq, arxeoloji, biomüxtəliflik xəritələri tərtib edilib. Əlavə obyektlər üçün təsdiq edilmiş formada pasportlar hazırlanıb.

Bildirilib ki, 16 adda bitki qarışıqlarından dərman paketlərinin hazırlanması, Şorsu palçığının və quru qalığının istehsalı, satışı işi davam etdirilib. Propolis, çaytikanı yağı, alma sirkəsi, gülab istehsal olunub, paketlənmiş zəfəran qurusu, müxtəlif meyvə quruları, kompot, cem və şirələr hazırlanıb. İl ərzində dünyanın 20-dən artıq ölkəsinin elm, təhsil müəssisələri və mütəxəssisləri ilə sıx elmi əlaqələr davam etdirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamına əsasən Naxçıvan Dövlət Universitetinin AMEA Naxçıvan Bölməsinə hamiliyə verilmiş 10 ixtisası üzrə təhsil alan tələbələrin iştirakı ilə elmi-praktik seminarlar keçirilib. Bölmənin 45 elmi dərəcəli əməkdaşı 8 fənn üzrə nümunəvi dərsləri tədris edib, 7 elmi əməkdaş 8 interaktiv dərs aparıb. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi ilə birlikdə həyata keçirilən “Sabahın tədqiqatçıları” layihəsi çərçivəsində 50 şagird bölmə alimləri tərəfindən hamiliyə götürülərək, fərdi və kollektiv şəkildə tədqiqatlara cəlb edilib və uğurlu nəticələr qazanıblar.

Akademik 2021-ci il sentyabrın 21-də AMEA Naxçıvan Bölməsinin fəaliyyəti və qarşıda duran vəzifələr barədə keçirilən müşavirədən, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun müşavirədə verdiyi tapşırıqlardan söz açıb. Alim bildirib ki, verilən tapşırıqların yerinə yetirilməsi istiqamətində işlər davam etdirilir. Bununla əlaqədar olaraq Naxçıvan Bölməsinin elmi tədqiqat müəssisələrində tədbirlər planı hazırlanıb, əsaslı araşdırmaların aparılması üçün işçi qrupları yaradılıb. Nəzərdə tutulan işlərin icra vəziyyəti ilə bağlı məlumat verən bölmə sədri tədqiqatların daha səmərəli və vaxtında yerinə yetirilməsi üçün müvafiq tapşırıqlar verib.

Məruzənin ardından bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü, professor Hacıfəxrəddin Səfərli, Təbii Ehtiyatlar İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü, professor Tofiq Əliyev və Bioresurslar İnstitutunun baş direktoru, biologiya elmləri doktoru İsmayıl Məmmədov çıxış ediblər. Çıxış edənlər müəyyənləşdirilən yeni məqsəd və vəzifələrin mühüm elmi əhəmiyyətini vurğulayaraq bildiriblər ki, bölmə əməkdaşları bu fəaliyyətin icrasında fəal iştirak edəcək, muxtar respublikanın inkişafına layiqli töhfə verməyə çalışacaqlar.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts