Tokio, 5 mart , /AJMEDIA/
AMEA-nın Humanitar Elmlər Bölməsinin Elmi şurasının onlayn iclası keçirilib.
Tədbiri AMEA-nın vitse-prezidenti, Humanitar Elmlər Bölməsinin Elmi şurasının sədri akademik İsa Həbibbəyli açaraq gündəlikdə duran məsələlər barədə məlumat verib.
Bu barədə AJMEDIA-ya AMEA-dan bildirilib. Tədbirdə Folklor İnstitutunun Mərasim folkloru şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru, dosent Ağaverdi Xəlilovun “Novruz sözünün etimologiyası və Novruz ənənələri” mövzusunda məruzəsi dinlənilib. Alim Azərbaycan xalqının mərasim mədəniyyəti və mövsüm mərasimləri haqqında ətraflı məlumat verib. Məruzə ətrafında müzakirələr aparılıb, Elmi şuranın sədri və üzvlərinin Novruz bayramı münasibətilə təbrikləri səsləndirilib.
İclasda filologiya üzrə fəlsəfə doktoru Validə Həsənovanın Hüseyn Cavidin ev-muzeyinin elmi katibi vəzifəsinə təyin edilməsinə dair AMEA-nın Rəyasət Heyəti qarşısında vəsatət qaldırılıb. Kadr islahatları ilə əlaqədar Folklor İnstitutunun strukturunda dəyişik edilməsi məsələsi də müzakirəyə təqdim olunub.
Təsviri sənət tariximizdə özünəməxsus yaradıcılıq yolu olan, uğurlu bədii yaradıcılıq və ictimai fəaliyyəti ilə seçilən Xalq rəssamı İsmayıl Axundovun anadan olmasının 115 illiyinin qeyd edilməsi haqqında Memarlıq və İncəsənət İnstitutuna müvafiq tapşırıqlar verilib.
Həmçinin müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri, böyük şair və maarifçi, tanınmış ictimai xadim, Azərbaycan Dövlət Himninin sözlərinin müəllifi Əhməd Cavadın anadan olmasının 130 illiyi ilə bağlı “Türk şeirində milli istiqlalın möhtəşəm müqəddiməsi: Əhməd Cavad və Akif Ərsoy” mövzusunda beynəlxalq konfransın təşkilinə dair Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun qarşısında vəsatət qaldırılıb.
Elmi şuranın iclasında bir sıra kadr məsələlərinə də baxılıb.