AMEA-da “Antik dövrdə Qafqaz və ətrafında urbanizasiya prosesləri” mövzusunda beynəlxalq elmi konfrans keçirilir

Tokio, 07 iyul, /AJMEDIA/

İyulun 7-də Azərbayacn Milli Elmlər Akademiyasında (AMEA) görkəmli arxeoloq, AMEA-nın müxbir üzvü, professor İlyas Babayevin anadan olmasının 90 illiyinə həsr edilən “Antik dövrdə Qafqaz və ətrafında urbanizasiya prosesləri” mövzusunda beynəlxalq elmi konfrans işə başlayıb.

AJMEDIA xəbər verir ki, AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycan ilə yanaşı, ABŞ, Koreya, Almaniya və Türkiyənin müvafiq sahə üzrə aparıcı alim və mütəxəssisləri, tanınmış arxeoloqlar, AMEA əməkdaşları, media mənsubları və digər qonaqlar iştirak ediblər.

Konfransı AMEA-nın prezidenti akademik İsa Həbibbəyli açaraq görkəmli alim İlyas Babayevin səmərəli elmi fəaliyyətindən, böyük elm fədaisinin ölkəmizdə arxeologiya elminin inkişafındakı müstəsna xidmətlərindən danışıb.

Professor İlyas Babayevin Azərbaycanda elmi məktəb yaratmış arxeoloqlardan biri olduğunu söyləyən AMEA rəhbəri onun əsas tədqiqatlarının qədim Azərbaycan dövləti olan Qafqaz Albaniyasının tarixinə və arxeoloji problemlərinə həsr edildiyini bildirib. Qeyd edib ki, alimin tədqiqatları təkcə öz dövrü üçün deyil, bu gün üçün də mühüm əhəmiyyət kəsb edərək aktuallığını qoruyur və Azərbaycanda arxeologiya elminin nailiyyətləri sırasındadır.

“Mənalı ömrünü elmə həsr etmiş İlyas Babayev bütün varlığı ilə öz işinə bağlı arxeoloq, arxeologiyanın romantikasını, fəlsəfəsini, ideologiyasını öz üzərində daşıyan görkəmli alim idi”, – deyən akademik İsa Həbibbəyli vurğulayıb ki, onun tədqiqatları zəngin tariximizi və mədəniyyətimizi dünyaya göstərir. AMEA-nın müxbir üzvü İlyas Babayevin inkişaf etdirdiyi elm sahəsinin davamçıları bu gün də alimin irsindən faydalanırlar.

Akademik İsa Həbibbəyli İlyas Babayevi yorulmaz tədqiqatçı, fədakar və zəhmətkeş alim, vətənpərvər ziyalı kimi xarakterizə edərək, onun arxeoloji abidələri təqdim edərkən böyük fəxarət, sevinc və qürur hisslərini gizlətmədiyini bildirib.

AMEA prezidenti bu günlərdə Arxeologiya və Antropologiya İnstitutunun Astara rayonu arxeoloji ekspedisiyasının fəaliyyəti ilə yaxından tanış olmaq məqsədilə rayonun Alaşa kəndi ərazisində yerləşən Əlişa qalasını ziyarət etdiyini deyib. O, həmçinin Beşbarmaq dağında, Naxçıvanda, Naftalan şəhərində və Goranboy rayonunda aparılan arxeoloji qazıntı işləri ilə yerində tanış olduğunu xatırladıb, qazıntılar zamanı əldə olunan nəticələrin elmi əhəmiyyətini qeyd edib. Akademik İsa Həbibbəyli arxeologiya elminin tarix, antropologiya, etnoqrafiya və digər elm sahələri ilə qarşılıqlı şəkildə öyrənilməsinin elmlərarası əlaqələrin inkişaf etdirilməsinə böyük töhfə verəcəyini vurğulayıb.

Cari ilin iyun ayında Qarabağ Universitetində ilk dəfə olaraq AMEA Rəyasət Heyətinin iclasının keçirildiyini söyləyən AMEA rəhbəri iclasda Qarabağda və Şərqi Zəngəzurda kompleks elmi tədqiqatların aparılmasının təmin edilməsi haqqında məsələyə baxıldığını bildirib. Diqqqətə çatdırıb ki, sözügedən iclasda işğaldan azad edilmiş ərazilərdə Arxeologiya və Antropologiya İnstitutu tərəfindən kompleks tədqiqatların aparılmasının, paralel olaraq digər elmi istiqamətlər üzrə araşdırmaların təşkil edilməsinin vacibliyi qeyd olunub, bu istiqamətdə müvafiq qərarlar qəbul edilib.

Akademik İsa Həbibbəyli AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun ölkə ərazisində apardığı arxeoloji və antropoloji tədqiqatların nəticələrinin, eləcə də elmi yeniliklərin təbliği və arxeologiya elminin müxtəlif nəzəri problemlərinin aktuallaşdırılması məqsədilə ingilis dilində “Azərbaycan arxeologiyası və antropologiyası” jurnalının təsis edildiyini, həmçinin müxtəlif ərazilərdə aparılan qazıntı işlərinin nəticələri haqqında məlumatların geniş ictimaiyyətə çatdırılması məqsədilə Arxeologiya və Antropologiya İnstitutunda “Arxeoloji irs” jurnalının təsis edildiyini və redaksiya heyətinin tərkibinin təsdiq edildiyini bildirib.

AMEA rəhbəri çıxışının sonunda tarixin qaranlıq qatlarındakı keçmişimizi işıqlandıran professor İlyas Babayevin xatirəsinin hər zaman qəlblərdə yaşayacağına inamını ifadə edib, beynəlxalq konfransın işinə uğurlar arzulayıb.

Daha sonra Arxeologiya və Antropologiya İnstitutunun direktoru tarix üzrə fəlsəfə doktoru, dosent Fərhad Quliyev çıxış edərək konfransın mövzusunun aktuallığına diqqət çəkib. O, arxeoloq alim İlyas Babayevin öz tədqiqatlarını Qafqazda urbanizasiya proseslərinə həsr etdiyini söyləyib.

“Azərbaycan arxeologiya elminin təşəkkül tapmasında və inkişafında İlyas Babayevin böyük xidmətləri olub”, – deyən institut direktoru onun gənc elmi kadrların yetişməsinə, bacarıqlı, savadlı alimlər ordusunun artmasına qayğıkeşliklə rəhbərlik etdiyini vurğulayıb.

Dosent Fərhad Quliyev əlavə edib ki, böyük alimin Azərbaycanda arxeoloji abidələrin aşkara çıxarılması, geniş qazıntıların aparılması, ümumiyyətlə, respublikamızda arxeologiya elminin inkişafında müstəsna xidmətləri olub. İlyas Babayev bütün ömrü böyu böyük həvəslə çöl tədqiqatlarında faəliyyət göstərib. Onun Qəbələdə apardığı tədqiqatlar SEBA Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının dəstəyilə həyata keçirilib. Alimin vaxtilə institutda rəhbərlik etmiş olduğu Azərbaycanın antik dövr arxeologiyası şöbəsi hazırda həmin tədqiqatları davam etdirir.

Tədbirdə SEBA Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının sədri biologiya üzrə fəlsəfə doktoru Ruhəngiz Heydərova çıxış edərək rəhbərlik etdiyi qurumun maliyyə dəstəyi ilə Qəbələ rayonu ərazisində aparılan genişmiqyaslı arxeoloji tədqiqatlara İlyas Babayevin başçılıq etdiyini bildirib. Qeyd edib ki, 2009-cu ildən ekspedisiyaya koreyalı mütəxəssislər də cəlb edilib və tədqiqatlar beynəlxalq xarakter alıb. SEBA ilə əməkdaşlıq dövründə 2010 və 2012-ci illərdə professor İlyas Babyev Koreyaya səfərlər edib, burada Azərbaycan arxeologiyası, Qəbələdə aparılan qazıntılarla bağlı çıxışlar edib.

2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Qəbələ Arxeoloji Mərkəzinin açılışının baş tutduğunu vurğulayan Ruhəngiz Heydərova Qəbələ arxeoloji ekspedisiyasının rəhbəri, görkəmli arxeoloq İlyas Babayevin ölkə başçısına mərkəzdə görülən işlərlə bağlı ətraflı məlumat verdiyini xatırladıb. O, İlyas Babyevin rəhbərliyi ilə aparılan tədqiqatların Azərbaycan-Koreya əməkdaşlığının sütununu yaratdığını söyləyib.

Ruhəngiz Heydərova vaxtilə Qafqaz Albaniyasının paytaxtı olmuş Qəbələnin zəngin tarixinin üzə çıxarılmasında SEBA-nın gördüyü mühüm işləri diqqətə çatdırıb. Bildirib ki, son illərdə azərbaycanlı alimlərin koreyalı mütəxəssislərlə birgə apardıqları arxeoloji tədqiqatlar və qazıntılar nəticəsində Qəbələ tarixinin açılmamış yeni səhifələri ortaya çıxıb.

Arxeologiya və Antropologiya İnstitutunun İslam dövrü arxeologiyası şöbəsinin müdiri, Qəbələ arxeoloji ekspedisiyasının rəhbəri tarix elmləri doktoru, professor Qafar Cəbiyev isə çıxışında ilk dəfə 1926-cı ildə Davud bəy Şərifovun rəhbərliyi ilə Qəbələdə ekspedisiya işlərinin aparıldığını və Yaloylutəpə arxeoloji mədəniyyətinin aşkar olunduğunu deyib.

Professor Qafar Cəbiyev Qəbələ arxeoloji ekspedisiyasının şəhərin daha qədim və böyük hissəsini aşkara çıxarmış, böyük məktəbə çevrilmiş nadir ekspedisiyalardan olduğunu bildirib. O, İlyas Babayevin ömrünün sonuna qədər Qəbələdə tədqiqatlar apardığını və bu tarixi məkana son dərəcə bağlı insan olduğunu vurğulayıb. Professor Qafar Cəbiyev arxeoloq alimin yetirmələrinin onun yolunu layiqincə davam etdirdiklərini söyləyib.

Konfransda çıxış edən alimin oğlu Arxeologiya və Antropologiya İnstitutunun Həmkarlar Təşkilatının sədri Faiq Babayev atasının xatirəsinə göstərilən diqqət və ehtirama görə tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.

Sonda AMEA-nın müxbir üzvü İlyas Babayevin həyat və elmi fəaliyyətinə həsr edilən videoçarx nümayiş olunub.

Beynəlxalq konfrans öz işini bölmə iclasları ilə davam etdirib. İclaslarda “Qafqaz Albaniyası şəhərlərinin tədqiqində İlyas Babayevin rolu”, “Antik və ilk orta əsrlərdə Kilsədağ və Ləkit dairəvi məbəd kompleksləri ətrafında urbanizasiya prosesləri”, “Bəzi antik dövr yaşayış yerləri və nekropolları”, “Albaniyanın antik şəhərləri Azərbaycanın arxeoloji fikir tarixində”, “Qalatəpə-Naftalan Əhəmənilər dövrü yaşayış yeri”, “Qəbələnin tarixi son tədqiqatlar kontekstində” və digər mövzularda məruzələr dinlənilib.

Qeyd edək ki, tədbir iyulun 8-də başa çatacaq. Beynəlxalq konfransın materialları məqalələr şəklində dərc olunacaq.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts