Tokio, 02 iyul, /AJMEDIA/
Almaniyanın Hamburq Universitetində azərbaycanlı musiqişünas, pianoçu, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının sənətşünaslıq üzrə fəlsəfə doktoru, Hamburq Konservatoriyasının dosenti Cəmilə Abdullayevanın (Manafovanın) təşəbbüsü ilə məktəbyaşlı uşaqlar üçün “Animals in Music” adlı üç fərqli formatda möhtəşəm konsert keçirilib.
AJMEDIA xəbər verir ki, bu üç fasiləli konsert Cəmilə Abdullayevanın Hamburq Universitetində magistr dissertasiyası çərçivəsində aparılan elmi-tədqiqat işinin əsas mərhələsini təşkil edib.
Layihənin məqsədi məktəbyaşlı uşaqlar arasında klassik musiqiyə marağı artırmaq, vizual təqdimatların və proqram bukletlərin onların musiqi qavrayışına, dünyagörüşünə, estetik zövqünə və emosional reaksiyalarına necə təsir etdiyini araşdırmaqdır.
Konsert proqramına müxtəlif dövrlərə və janrlara aid bəstəkarların əsərləri daxil idi – barokkodan müasir dövrə qədər: Jean-Philippe Rameau, Béla Bartók, Camille Saint-Saëns, Scot Joplin, Franz Schubert və başqalarının əsərləri ilə yanaşı, Azərbaycan bəstəkarı, əsasən uşaqlar üçün yazdığı parlaq və təsirli musiqi nümunələri ilə tanınan Oqtay Zülfüqarovun “Balaca balıq” adlı əsəri də Cəmilə xanım tərəfindən konsert proqramına daxil etməsi, həm musiqi dili baxımından uşaqlara yaxınlığı, həm də milli musiqi ənənələrinin zənginliyini nümayiş etdirib.
Konsertlərdə fortepianoda Cəmilə Abdullayeva, onun həmkarı Kəmalə Bağırova isə violinda çıxış edib. Üç fərqli formatda təqdim olunan hər bir konsertin sonunda sadə və maraqlı suallardan ibarət sorğuların keçirilməsi vizual, mətn və ya şifahi müşayiətlərin konsert zamanı uşaqların diqqətini cəmləməyə, assosiativ düşüncələrini aktivləşdirməyə, baş verənlərə emosional şəkildə qoşulmaqla fəal qavrayış iştirakçılarına çevrilməklərinə kömək göstərib.
Cəmilə Abdullayeva bu təşəbbüsü ilə Azərbaycan musiqi irsini beynəlxalq elmi və pedaqoji mühitə təqdim etməklə yanaşı, doğma yurduna olan mənəvi bağlılığını da bir daha sübut edib.
Cəmilə xanım deyir: “Mənim üçün bu layihə təkcə elmi yox, mədəni bir körpüdür, musiqi vasitəsilə uşaqlara dünyanı tanıtmaq, Azərbaycan musiqisini bu kontekstdə təqdim etmək böyük qürurdur”.
On ildən artıqdır ki, Almaniyada yaşayan və çalışan Cəmilə Abdullayeva musiqi pedaqogikası sahəsində elmi-tədqiqatla məşğuldur.