Almaniyada koronavirusa yoluxma hallarında növbəti rekord qeydə alınıb

Tokio, 17 mart , /AJMEDIA/

Son sutka ərzində Almaniyada COVID-19 infeksiyasına təsdiqlənmiş yoluxma hallarının sayı 294 min 931-ə çatıb ki, bu da pandemiya dövrü ərzində ən yüksək göstəricidir.

AJMEDIA xəbər verir ki, bu barədə Almaniya Səhiyyə Nazirliyinin nəzdindəki Robert Xok adına Virusologiya İnstitutunun məlumatında deyilir. Yoluxma hallarının sayına görə əvvəlki rekordun 262 min 752 nəfərin yoluxduğu martın 10-da qeydə alındığı bildirilir.

Məlumata görə, pandemiyanın əvvəlindən bəri 17 milyon 990 min 141 almaniyalıda koronavirus infeksiyası aşkarlanıb. Həmçinin ölkədə son sutka ərzində infeksiya səbəbindən 278 xəstə həyatını itirib və ölənlərin ümumi sayı 126 min 420 nəfərə çatıb.

Ölkədə son yeddi gün ərzində 100 min nəfərə düşən yoluxma sayı da maksimal həddə çatıb – 1651,4 nəfər. Ötən həftə bu göstərici 1388,5 nəfər, bir ay öncə isə 1385,1 nəfər təşkil edib. İctimai həyatda mümkün məhdudiyyətlərin tətbiqi üçün mühüm göstərici sayılan hər 100 min nəfərə düşən həftəlik xəstəxanaya yerləşdirilmə sayı isə hazırda 7,45 nəfərdir.

Yanvar ayından Almaniyada COVID-19 infeksiyasının “omikron” ştamı dominantlıq etməyə başlayıb. Hazırda ölkədə bəzi karantin tədbirləri qüvvədə olsa da, pandemiyanın ilk üç dalğası zamanı qoyulan məhdudiyyətlərdən xeyli yumşaqdır. Bu tədbirlər əsasən peyvənd olunmayan vətəndaşlara aiddir. Onların restoranlara, teatrlara və konsertlərə girişi məhdudlaşdırılıb.

Fevral ayının ortalarında Almaniya kansleri Olaf Şolts və federal torpaqların rəhbərləri pandemiya ilə əlaqədar ölkədə tətbiq olunan məhdudiyyət tədbirlərin mərhələli şəkildə yumşaldılması planı barədə razılığa gəliblər. Belə ki, martın 20-dək ictimai, mədəni və iqtisadi həyatda bütün mühüm məhdudiyyətlər aradan qaldırılacaq, qoruyucu maska taxılması kimi əsas qaydalar isə qüvvədə qalacaq.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts