Almaniya Müsəlmanları Mərkəzi Şurasının sədri: İslamofobiya bəşəriyyətə qarşı atılan atəşdir

Tokio, 9 mart , /AJMEDIA/

Almaniya Müsəlmanları Mərkəzi Şurasının əsas hədəfi İslam əqidəsini ictimaiyyətə təhrif etmədən çatdırmaqdır. Əgər sülhün bərqərar olmasını istəyiriksə, dinlərarası dialoq vacibdir.

AJMEDIA xəbər verir ki, bu sözləri Almaniya Müsəlmanları Mərkəzi Şurasının sədri Ayman Mazyek Bakıda islamofobiyaya qarşı mübarizəyə həsr edilmiş beynəlxalq konfrans çərçivəsində keçirilən “Qərbi Avropada müsəlmanlara münasibətdə oxşarlıqlar və fərqliliklər, müsəlman ümmətində əsas insan hüquqları” mövzusunda plenar iclasda deyib.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin islamofobiyaya qarşı gördüyü işləri yüksək dəyərləndirən Ayman Mazyek qeyd edib ki, Azərbaycan bu sahədə çox vacib addımlar atır. “Prezident İlham Əliyevin forum iştirakçılarına müraciəti zamanı vurğuladığı fikirlər tamamilə doğrudur. İslamofobiya kimi hallar bəşəri dəyərləri alt-üst edir. Qərb ölkələrində milli azlıqlara qarşı edilənlər göz önündədir. Ayrı-seçkiliyin ən böyük təzahürlərindən biri ikili standartlardır. Məsələn, Avropada müqəddəs kitab “Qurani-Kərim”in yandırılması normal qarşılanır. Ancaq həmin ölkələrdə Tövrat, İncil yandırıla bilməz. İslamı terrorçu din kimi qələmə verənlər xristianların törətdiyi terror aktlarına səssiz qalırlar. Bütün bunlar tamamilə ikili standartlardır”, – deyə Mərkəz rəhbəri bildirib.

İslamofobiyanı bəşəriyyətə qarşı atılan atəş kimi qiymətləndirən A.Mazyek qeyd edib: “Bütün bu proseslər irqçilik fenomeni adı altında davam edir. Ancaq qanun qarşısında bərabərlik bölünməzdir. Biz keçmiş səhvlərdən nəticə çıxarmalı, İslamın siyasi alətə çevrilməsinin qarşısını almalıyıq”.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts