Tokio, 5 aprel , /AJMEDIA/
Aprelin 5-də Azərbaycan Milli Elmlər Akademiyası, Milli Məclisin Səhiyyə komitəsi və “Azərbaycan” qəzetinin birgə təşkilatçılığı ilə görkəmli oftalmoloq-alim, Əməkdar elm xadimi, akademik Zərifə Əliyevanın anadan olmasının 100 illik yubileyinə həsr edilmiş konfrans keçirilib.
Tədbirdən öncə konfrans iştirakçıları Fəxri xiyabanda müasir Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini anıb, məzarları üzərinə tər çiçəklər düzüblər.
AJMEDIA xəbər verir ki, konfransı giriş sözü ilə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli açıb. Akademik bildirib ki, Zərifə Əliyevanın xidmətləri sayəsində XX əsrin ikinci yarısından başlayaraq Azərbaycanda oftalmologiya inkişaf etmiş elm sahələrindən birinə çevrilib.
Sonra Milli Məclisin Səhiyyə komitəsinin sədri akademik Əhliman Əmiraslanov, səhiyyə nazirinin müavini akademik Nadir Zeynalov və “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov çıxış edərək akademik Zərifə Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətlərindən danışıblar.
Daha sonra AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynovanın “Akademik Zərifə Əliyevanın elmi fəaliyyətinin əsas istiqamətləri”, akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü Elmar Qasımovun “Zərifə Əliyeva Azərbaycanda oftalmologiya elminin banisidir”, Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun laboratoriya müdiri biologiya elmləri doktoru, professor Elmira Pənahovanın “Akademik Zərifə Əliyeva görmə orqanının fiziologiyasının fundamental problemlərinin görkəmli tədqiqatçısı idi” mövzusunda məruzələri dinlənilib.