“ADY Konteyner” “TransLogistica Özbəkistan 2022” sərgisində iştirak edir

Tokio, 3 noyabr , /AJMEDIA/

Özbəkistanın paytaxtı Daşkənddə 18-ci Beynəlxalq “Nəqliyyat və Logistika – TransLogistica Özbəkistan 2022” sərgisi keçirilir.
Sərgidə “CASCA+” multimodal nəqliyyat marşrutu ayrıca stendlə çıxış edir. Marşrut üzrə iştirakçı ölkələrin dəmir yolları operatorları – “ADY Konteyner” MMC, “Qırğızıstan Dəmir Yolları”, “Özbəkdəmiryolekspedisiya”, “Türkmənistan Nəqliyyat-Logistika Mərkəzi”, “GR Logistics and Terminals” və “Pasifik Eurasia A.Ş.” öz xidmətlərini təklif edirlər.
“ADY Konteyner” MMC-dən AJMEDIA-ya bildirilib ki, sərgidə “CASCA+” marşrutunun stendinə maraq böyükdür. Stendə yaxınlaşanlar arasında Özbəkistanın nəqliyyat nazirinin müavini Jasurbek Çoriyev də olub. “ADY Konteyner” MMC-nin direktoru Natiq Cəfərov J. Çoriyevə “CASCA+” multimodal nəqliyyat marşrutu ilə bağlı ətraflı məlumat verib.
Bildirilib ki, marşrutun yaradılmasında məqsəd iştirakçı ölkələrin tranzit imkanlarından istifadə etməklə Çin-Avropa-Çin istiqamətində dəmiryolu ilə yükdaşımaların həcminin və səmərəliliyinin artırılmasıdır.
Sərgidə 50-yə yaxın təşkilat və şirkət öz stendi ilə təmsil olunur.
Qeyd edək ki, “CASCA+” “Asiya-Sakit okean regionu ölkələri-Çin-Qırğızıstan-Özbəkistan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə-Avropa” beynəlxalq multimodal marşrutu əsasında yaradılıb. Marşrut üzrə iştirakçı ölkələrin dəmir yolları operatorlarının 2022-ci il avqustun 5-də Bakıda keçirilmiş iclasında marşrutun səmərəliyinin artırılması üçün operatorların iştirakı ilə konsorsiumun yaradılması, konteynerlərin marşrutboyu izlənilməsi məqsədilə rəqəmsal platformanın hazırlanması müzakirə edilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts