Tokio, 6 noyabr , /AJMEDIA/
Abşeron rayonunda Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi yad olunub. Şəhidlərimiz – Vətən Müharibəsi Qəhrəmanları Vüqar Ağayev və Şahin Allahyarov, Zaur Ələsgərli, Emil Əhmədov, Teymur Quliyev, Səbuhi Məcidov, Əli Əliyev, İlkin Abdullayev, Bəhruz Əhmədovun anım günləri, o cümlədən Tural Məmmədovun doğum günü qeyd edilib.
AJMEDIA xəbər verir ki, anım tədbirlərində Abşeron rayon icra hakimiyyətinin (RİH) başçısı Abdin Fərzəliyev, RİH Aparatının məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Abşeron rayon təşkilatının sədri, şəhid ailələri və qazilər şəhidlərimizin məzarlarını ziyarət edib, onların əziz xatirəsi ehtiramla yad olunub.
Görüşlərdə, eləcə də keçirilən anım tədbirlərində Prezident İlham Əliyevin uzaqgörən siyasətindən, döyüş meydanında olduğu kimi, diplomatiyada da qazanılan uğurlardan, Ermənistanın sülh müqaviləsi imzalamaqdan başqa çıxış yolunun olmamasından, işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən sürətli abadlıq-quruculuq işlərindən danışılıb, ölkəmizdə şəhid ailələrinə və qazilərə dövlət səviyyəsində böyük diqqət və qayğının göstərildiyi qeyd edilib.
Ölkəmizin hər yerində olduğu kimi, Abşeron rayonunda da “Zəfər Günü” ilə əlaqədar silsilə tədbirlərin keçirildiyini, Xırdalan şəhərində şəhidlərimizin əziz xatirəsinə Xatirə Kompleksinin inşa edildiyini və tezliklə açılışının olacağını vurğulayan RİH başçısı Abdin Fərzəliyev şəhid ailələrinin yaşadığı evlərə gedərək onları ziyarət edib.
Şəhid ailələri və qazilər göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.