Tokio, 19 oktyabr , /AJMEDIA/
AJMEDIA xəbər verir ki, ABŞ mətbuatı azərbaycanlıların İsrailə dəstəyindən yazıb
“Azərbaycanlılar İsrailə rəğbət bəsləyirlər, çünki onlar da israillilər kimi terrora məruz qalıblar”.
Tanınmış israilli politoloq və jurnalist, Dona Qrasiya Diplomatiya Mərkəzinin təsisçisi və baş direktoru Reyçel Avraam bu barədə ABŞ-ın populyar “The Jewish Press” nəşrində dərc olunmuş məqaləsində yazıb.
“Azərbaycanlılar HƏMAS terrorunu pisləyir və İsrailin müqavimətini tərifləyirlər” sərlövhəli məqalədə qeyd olunub ki, oktyabrın 7-də HƏMAS-ın mülki İsrail vətəndaşlarına qarşı törətdiyi vəhşiliklərdən sonra çoxlu azərbaycanlı İsrailin Bakıdakı səfirliyinin qarşısına gül və oyuncaqlar qoyub.
Müəllif həmçinin Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə İşçi Qrupunun terrorla bağlı qəbul etdiyi bəyanata istinad edib: “Biz birmənalı olaraq və qəti şəkildə Qəzza zolağından ayrı-seçkilik olmadan İsrailin mülki infrastrukturuna, əhalinin məskunlaşdığı ərazilərə və mülki şəxslərə qarşı raket hücumları ilə müşayiət olunan irimiqyaslı hücumları pisləyirik. Biz bu çətin günlərdə İsrailin yanındayıq”.
Məqalədə bu xüsusda İsrailin Azərbaycandakı səfiri Corc Dikin “X” səhifəsində yazdıqlarından sitat gətirilib: “Bu səmimi dostluq jestinə görə Azərbaycan xalqına təşəkkür edirəm. Dəstək mesajları, səfirliyin önünə qoyulan gül-çiçəklər, sosial şəbəkələrdəki paylaşımlar bu çətin günlərdə bizə güc verir. Çox sağ olun. Biz qalib gələcəyik”.
Eyni zamanda diqqətə çatdırılıb ki, Gəncə və Bərdə kimi böyük şəhərlərdə Ermənistanın raket hücumlarına məruz qalmış azərbaycanlılar israillilərin bugünkü acınacaqlı vəziyyətini anlayır və onlara dəstək nümayiş etdirirlər. Müəllif keçən ilin iyun ayında Gəncədə olarkən erməni terroru nəticəsində xarabalığa çevrilmiş bütöv bir əraziyə baş çəkdiyini də vurğulayıb.