ABŞ Filippin ordusunun modernləşdirilməsi və Hind-Sakit okean regionunda sülhün təminatı üçün səylərini artıracaq

Tokio, 12 aprel , /AJMEDIA/

ABŞ Filippin ordusunun modernləşdirilməsi və Hind-Sakit okean regionunda sülhün təminatı üçün səylərini artırmağa razılaşıb.
AJMEDIA xarici mediaya istinadla xəbər verir ki, Filippinin xarici işlər və müdafiə nazirləri Karlito Qalvez və Enrike Manalonun aprelin 11-də Vaşinqtonda amerikalı həmkarları Antoni Blinken və Lloyd Ostin ilə “2+2” formatındakı görüşündə belə razılıq əldə edilib.
“Bu gün hamımız təsdiq etdik ki, qarşılıqlı müdafiə müqaviləmiz əməkdaşlığımızın əsası olaraq qalır”, -deyə ABŞ müdafiə naziri Lloyd Ostin görüşdən sonra keçirilən birgə mətbuat konfransında bildirib. O, iki ölkənin alyansının gücləndirilməsi səylərinin bir hissəsi olaraq növbəti 5-10 il ərzində radar, hərbi nəqliyyat təyyarələri və pilotsuz uçuş aparatları da daxil olmaqla vacib avadanlığın Filippinə tədarükünü sürətləndirmək üçün yol xəritəsinin tamamlanması barədə də razılıq əldə etdiklərini deyib. Lloyd Ostin bu öhdəliklərin güclü ikitərəfli əlaqələrin Yaponiya və Avstraliya da daxil olmaqla çoxtərəfli şəbəkəyə inteqrasiya edəcəyini söyləyib.
Nazirlərin “2+2” formatının görüşünə dair birgə bəyanatda Filippinin suveren hüquqlarının olduğu Cənubi Çin dənizində təhdidedici və təxribatçı fəaliyyətinə son qoyması üçün Çinə çağırış edilib, qlobal təhlükəsizlik və rifahın əvəzolunmaz elementi kimi Tayvan boğazında sabitliyin təminatının vacibliyi vurğulanıb. Bundan başqa, bəyanatda deyilir ki, ABŞ və Filippinin hərbi dəniz qüvvələri Cənubi Çin dənizində birgə səyahət planlarının tamamlanması və cari il ərzində bölgədəki digər həmfikir ölkələrlə birgə çoxtərəfli dəniz tədbirlərinin keçirilməsi ideyasını müzakirə edir.
Vaşinqton danışıqları ilə paralel olaraq, tərəflər aprelin 11-də Filippində və onun sahil sularında ilin ən iri birgə hərbi təlimlərinə başlayıb. Aprelin 28-dək davam edəcək “Çiyin-çiyinə” adlı təlimlərə ümumilikdə 17 mindən çox hərbçi cəlb olunub.
Qeyd edək ki, bu, ABŞ və Filippinin 2016-cı ildən bəri “2+2” formatında keçirilən ilk görüşüdür. Görüş Filippinin hazırkı Prezidenti Ferdinand Makrosun ölkənin əvvəlki lideri Rodriqo Dutertedən fərqli xarici siyasət yürütdüyünü göstərir. Rodriqo Duterte prezidentlik dövründə (2016-2022-ci illər) ABŞ-ı Filippinin təhlükəsizlik maraqlarına ziyan vurmaqla təhdid etməklə yanaşı, Rusiyaya və Çinə üz tutmağa səy göstərib.
Hazırki Prezident Ferdinand Makros isə ABŞ ilə yaxın əməkdaşlığa, o cümlədən təhlükəsizlik sahəsində əlaqələrin möhkəmlənməsinə daha çox önəm verir. Onun cari ilin fevralında ABŞ-a Filippin ərazisindəki daha 4 hərbi bazadan istifadəyə icazə verməsi ilə bu cür bazaların sayı 9-a çatıb. Filippin rəsmiləri Avstraliya və Yaponiya da daxil olmaqla bölgədəki digər ölkələrlə müdafiə əməkdaşlığını genişləndirməkdə maraqlı olduqlarını söyləyiblər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts