Tokio, 27 oktyabr , /AJMEDIA/
ABŞ Azərbaycan ilə Ermənistan arasında sülhə nail olmaq üçün səylərini davam etdirəcək
AJMEDIA xəbər verir ki, bu barədə brifinq zamanı ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller deyib.
“Düşünürəm ki, bu iki ölkə arasında sülhün təmin olunması həm onların, həm də regionun və bütün dünyanın maraqlarına uyğundur. Bu istiqamətdə səylərimizi davam etdirəcəyik”, – deyə o bildirib.
Xatırladaq ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan iyunun 27-29-da Virciniya ştatının Arlinqton şəhərindəki Corc Şultz adına Milli Xarici Əlaqələr Tədris Mərkəzində ikitərəfli danışıqlar aparıblar. Onlar Vaşinqtonda olarkən dövlət katibi Antoni Blinken və prezidentin köməkçisi, milli təhlükəsizlik müşaviri Ceyk Sallivanla görüşüblər.
Nazirlər və onların komandaları Sülh və Dövlətlərarası Münasibətlərin qurulması haqqında ikitərəfli Saziş layihəsi üzərində işi davam etdiriblər. Onlar əlavə maddələr üzrə razılığa gəliblər və saziş layihəsi üzrə qarşılıqlı anlaşma əldə ediblər, eyni zamanda bəzi əsas məsələlər üzrə mövqelərin daha da inkişaf etdirilməsini tələb etdiyini etiraf ediblər.