Tokio, 4 fevral, /AJMEDIA/
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elm Tarixi İnstitutu (ETİ) Şuşa şəhərinin 270 illiyinə həsr olunan “Azərbaycanın elm və mədəniyyət mərkəzi – Şuşa” mövzusunda mayın 8-də beynəlxalq elmi konfrans keçirəcək. Beynəlxalq konfrans Prezident İlham Əliyevin Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında Sərəncamına uyğun olaraq təşkil ediləcək.
AJMEDIA xəbər verir ki, ETİ-dən AZƏRTAC-a bildirilib ki, konfransın məqsədi şəhərin tarixi, görkəmli şəxsiyyətləri, milli-mənəvi və sosial-mədəni irsi, ədəbiyyat, incəsənət, memarlıq, din, fəlsəfə və digər aspektlərdən araşdırılmasıdır.
Konfrans Şuşa və onun tarixi, Şuşanın Azərbaycan ədəbi irsində yeri, Şuşada incəsənət və memarlıq nümunələri, dini-mədəni abidələr, şəhərin geosiyasi əhəmiyyəti və 44 günlük Vətən müharibəsində qazandığımız Zəfər və digər mövzuları əhatə edəcək.
Konfransa alimlər, elmi işçilər, doktorant və magistrlər məruzə və məqalələr təqdim edə bilərlər. Məqalələr Azərbaycan, türk, ingilis və ya rus dillərində aprelin 1-dək [email protected] elektron poçt ünvanına göndərilməlidir.