Tokio, 3 fevral, /AJMEDIA/
Yaponiya Ukrayna ətrafında yaranmış vəziyyətin sabitləşməsi üçün diplomatik səyləri dəstəkləyir, lakin vəziyyətin hər an gərginləşə biləcəyini istisna etmir.
AJMEDIA xəbər verir ki, bu barədə Yaponiya Nazirlər Kabinetinin baş katibi Hirokazu Matsuno fevralın 3-də keçirilən ənənəvi mətbuat konfransında ABŞ-ın Şərqi Avropaya əlavə qoşun yeritmək barədə qərarını şərh edərkən bildirib.
“Ukrayna sərhədində Rusiyanın hərbi gücünü artırması ilə əlaqədar artan gərginliyə görə tam sayıqlıq tələb edən vəziyyət qalmaqdadır. Maraqlı ölkələrin gərginliyi azaltmaq üçün diplomatik səylərinə baxmayaraq, biz vəziyyətin yaxın gələcəkdə kəskin dəyişə biləcəyini başa düşürük”, – deyə baş katib bildirib. H.Matsuno xatırladıb ki, bu yaxınlarda Yaponiyanın Baş naziri F.Kişida ABŞ Prezidenti C.Bayden ilə telekonfrans formatında məsələni müzakirə edərək, gərginliyi aradan qaldırmaq üçün sıx əməkdaşlıq barədə razılığa gəliblər.
Nazirlər Kabinetinin baş katibi bir daha qeyd edib ki, Yaponiya daim Ukraynanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyib və Ukrayna ətrafında gərginliyin səngiməsi üçün beynəlxalq ictimaiyyətlə, ilk növbədə, G7 ölkələri ilə sıx əməkdaşlığı davam etdirəcək.