Tokio, 29 yanvar, /AJMEDIA/
Artıq üç ilə yaxındır ki, həyatımız, günümüz COVID-19-a dair məlumatlar, məhdudiyyətlər və müdafiə tədbirləri ilə keçir. Pandemiya bütün dünyada müxtəlif sahələrə böyük zərər vurub, sərhədlərin bağlanmasına, milyonlarla insanın vəfatına səbəb olub. Ölkəmizdə də COVID-19-la əlaqədar müxtəlif məhdudiyyətlər və qabaqlayıcı tədbirlər həyata keçirilib. İqtisadiyyatın məhdudiyyət tətbiq olunan sahələrində fəaliyyət göstərən sahibkarlara, muzdlu işçilərə və işsizlərə dövlət tərəfindən müxtəlif layihələr üzrə maddi yardımlar edilib.
AJMEDIA xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında politoloq Yalçın Hacızadə söyləyib.
Politoloq bildirib ki, COVID-19-a qarşı vaksin istehsalı böyük ümidlər yaradıb. Ölkəmiz vaksinin alınmasında və istifadəyə başlanılmasında da dünyada birinci dövlətlərdən oldu. Müxtəlif ölkələrdən vaksinlər alınaraq Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyə və proqramlarına uyğun olaraq tətbiq edilməyə başlanılıb. Vaksinasiya ilə yanaşı, tətbiq olunan məhdudiyyətlər qismən aradan qaldırılıb, müəyyən şərtlər daxilində qapalı məkanlardan istifadəyə icazələr verilib.
“Ölkəmiz COVID-19-a qarşı beynəlxalq miqyasda da ciddi addımlar atıb. Bu sahədə fəaliyyət göstərən beynəlxalq təşkilatlara maddi yardım etməklə bərabər, bəzi ölkələrə vaksin göndərib. Həmçinin vaksinə bərabər əlçatanlığın təmin olunması üçün beynəlxalq təşəbbüslər irəli sürüb. Dövlətimizin sədri olduğu Qoşulmama Hərəkatında və BMT-də Azərbaycanın təklifi ilə müxtəlif qərarlar qəbul edilib. COVID-19-un mutasiya etməsi, genetik xüsusiyyətinin dəyişməsi virusun yenidən sürətlə yayılmasına gətirib çıxarıb. Dünyanın bir çox ölkələrində, o cümlədən qonşu respublikalarda mutasiya olunmuş virusun yayılma sürəti qısa müddətdə bir neçə dəfə artıb. Gün ərzində on minlərlə insan yoluxur və minlərlə insan xəstəxanalara yerləşdirilir. “Omikron” kimi tanınan yeni ştama uşaqlar da sürətlə yoluxur. Əlbəttə, bütün bunlardan qorunmağın isbatlanmış yeganə yolu peyvənd olunmaqdır. Ölkəmizdə insanların sağlamlığının müdafiəsi istiqamətində mühüm tədbirlər görülüb və əhalinin böyük əksəriyyəti 2 doza peyvənd qəbul edib. Amma həmin dozaların təsir müddəti 6 ayadək qəbul olunur. Ona görə də mövcud və yarana biləcək ştamlardan qorunmaq üçün “buster” dozasının qəbulu mütləqdir. Özünü və yaxınlarını qorumaq, səhiyyə sisteminin iflic vəziyyətə düşməsinin qarşısını almaq məqsədilə vətəndaş olaraq qaydalara əməl etməliyik. Davam edən pandemiya dövründə peyvəndlənmiş şəxslərin virusdan daha yaxşı qorunmasına və ya yoluxmuş olsalar da, digərlərinə nisbətən daha yüngül keçirmələrinə dair kifayət qədər fakt var”, – deyə politoloq vurğulayıb.
O əlavə edib ki, ikinci dozadan sonra verilmiş “Peyvənd sertifikatı”nın etibarlılıq müddəti fevralın 15-nə qədərdir. “Buster” dozanı qəbul etməyənlər müəyyən məhdudiyyətlərlə üzləşəcəklər. Ona görə də yaxşı olar ki, vətəndaşlarımız peyvənd olunmaq üçün əvvəlki kimi son günləri gözləməsinlər. Müəyyən olunmuş qaydada, əvvəlcədən qeydiyyatdan keçməklə, sonrakı günlərdə sıxlığın yaranmaması üçün poliklinika və xəstəxanalara yaxınlaşsınlar.