Tokio, 08 iyul, /AJMEDIA/
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib.
Akademiyadan AJMEDIA-ya bildirilib ki, iclası AMEA-nın prezidenti akademik İsa Həbibbəyli açaraq tədbirin gündəliyi barədə məlumat verib.
Təqdim edilən ilk məsələ AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil şöbəsinin müdiri filologiya elmləri doktoru Sərxan Xavərinin “Postmodern çağda folklor və dövlətçilik münasibətlərinə diskursiv baxış” mövzusunda məruzəsi haqqında olub.
Akademik İsa Həbibbəyli bildirib ki, qeyd olunan məruzə ilk dəfə bu ilin mayında AMEA-nın Folklor İnstitutunun təşkilatçılığı ilə keçirilmiş və “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “Milli dövlətçilik və folklor” mövzusunda respublika elmi konfransında səsləndirilib və genişləndirilmiş şəkildə Rəyasət Heyətində təqdim olunur. AMEA rəhbəri bildirib ki, folklor milli dövlətçilik təfəkkürünün formalaşmasında, gələcək nəsillərin suverenlik ruhunda tərbiyə olunmasında mühüm rol oynayır və bu mənada folklorşünas alimlərin üzərinə böyük məsuliyyət düşür.
Sonra filologiya elmləri doktoru Sərxan Xavəri “Postmodern çağda folklor və dövlətçilik münasibətlərinə diskursiv baxış” mövzusunda məruzəsini təqdim edib.
İclasda bir sıra elmi-təşkilati məsələlər də müzakirə olunub. Müzakirəyə çıxarılan ilk məsələ Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında” 2025-ci il 25 aprel tarixli Sərəncamının icrasından irəli gələn vəzifələr haqqında olub.
Sərəncamın icrasını təmin etmək məqsədilə AMEA-da Azərbaycan milli mətbuatının 150 illik yubileyinə həsr olunmuş tədbirlər keçirilməsi qərara alınıb.
Müzakirəyə çıxarılan növbəti məsələ Azərbaycan Respublikası Prezidentinin “Akademik Mustafa Topçubaşovun 130 illiyinin qeyd edilməsi haqqında” 2025-ci il 10 iyun tarixli Sərəncamının icrası barədə olub. Rəyasət Heyəti tərəfindən Sərəncamın icrasını təmin etmək, akademik Mustafa Topçubaşovun 130 illiyinin qeyd edilməsi üzrə Tədbirlər planını hazırlayıb həyata keçirmək məqsədilə komissiya yaradılıb.
İclasda Prezident İlham Əliyevin “Akademik Yusif Məmmədəliyevin 120 illiyinin qeyd edilməsi haqqında” 2025-ci il 5 iyul tarixli Sərəncamının icrasından irəli gələn vəzifələr də müzakirə edilib.
Akademik İsa Həbibbəyli dövlətimizin başçısının 2025-ci il ərzində imzaladığı “Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinin qeyd edilməsi haqqında”, həmçinin akademik Mustafa Topçubaşovun 130 və akademik Yusif Məmmədəliyevin 120 illik yubileyləri haqqında sərəncamlarının ölkə rəhbərinin Azərbaycan elminə və ziyalısına xüsusi diqqətinin təzahürü olduğunu deyib və AMEA-nın kollektivi adından Prezident İlham Əliyevə minnətdarlığını bildirib.
İclasda akademik Yusif Məmmədəliyevin 120 illiyinin yüksək səviyyədə qeyd edilməsi ilə bağlı qərar qəbul olunub.
Rəyasət Heyətinin iclasında müzakirə edilən növbəti məsələ Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin qeyd edilməsi haqqında olub. Akademik İsa Həbibbəyli Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin AMEA-da keçirilməsi çərçivəsində hazırlıq işlərinə başlanıldığını və Rəyasət Heyətinin qərarı ilə işlərin sürətlənəcəyini söyləyib. AMEA-nın Rəyasət Heyəti tərəfindən Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin qeyd edilməsi haqqında qərar qəbul olunub.
Sonra AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Türkiyə Respublikasında AMEA-nın 80 illik yubileyi münasibətilə keçirilən tədbirlərdə iştirakı barədə məlumat verib. Qeyd edib ki, iyunun 26-da Türkiyənin Ankara Universitetində Türkiyə Elmlər Akademiyasının (TÜBA) təşəbbüsü və Ankara Universitetinin dəstəyi ilə AMEA-nın 80 illik yubileyi təntənəli şəkildə keçirilib. Tədbirdə AMEA heyətilə yanaşı, müxtəlif beynəlxalq və yerli qurum və təşkilatların, ali təhsil ocaqlarının nümayəndələri, diplomatlar, elm xadimləri iştirak ediblər.
Akademik İsa Həbibbəyli Ankaradakı tədbirin yüksək səviyyədə təşkilinə görə professor Muzaffer Şekerə minnətdarlığını bildirib və bu əlamətdar hadisə ilə bağlı məlumat və şəkillərin kitab formasında nəşr ediləcəyini söyləyib.
AMEA rəhbəri, həmçinin İstanbulda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Assambleyası tərəfindən təşkil edilən QDİƏT-ə üzv ölkələrin elmlər akademiyaları prezidentlərinin İkinci toplantısında iştirakının yekunları haqqında məlumat verib. Həmin toplantıda iştirak etmiş AMEA-nın vitse-prezidenti akademik İbrahim Quliyev də Rəyasət Heyətinin üzvlərinə tədbirlə bağlı məlumat verib, toplantının yüksək səviyyədə baş tutduğunu, üzv ölkələrin elmlər akademiyaları rəhbərlərinin AMEA-nın tarixi ilə yaxından tanış olduqlarını, öz təbriklərini çatdırdıqlarını söyləyib. Çıxışlardan sonra Rəyasət Heyəti tərəfindən Türkiyədə keçirilmiş tədbirlərlə bağlı müvafiq qərarlar qəbul olunub.
Daha sonra AMEA-nın Rəyasət Heyəti aparatının Elm və təhsil şöbəsinin müdiri filologiya elmləri doktoru Sərxan Xavəri AMEA-nın elmi müəssisə və təşkilatlarının, regional elmi bölmə və mərkəzlərinin 2025-ci ilin birinci yarısı üzrə elmi və elmi-təşkilati fəaliyyətinə dair yarımillik hesabatların nəticələrini təqdim edib.
İclasda müzakirə edilən növbəti məsələ AMEA əməkdaşlarına 2025-ci ilin birinci yarısı üzrə impakt faktorlu jurnallarda nəşr olunan məqalələrə görə mükafatların verilməsi haqqında olub. Rəyasət Heyəti aparatının Elm və təhsil şöbəsinin baş mütəxəssisi Aynur Günəşli ötən illə müqayisədə nüfuzlu elmmetrik bazalarda (“Web of Science” və “Scopus”) indekslənən jurnallarda AMEA əməkdaşlarının çap edilmiş məqalələrinin sayında iki dəfədən çox artımın qeydə alındığını və bu göstəricinin ilin sonunda daha da artacağının proqnozlaşdırıldığını söyləyib.
Daha sonra iclasda geniş müzakirələr aparılıb, müvafiq qərar qəbul olunub.
İclasda “AMEA-nın Əziz Səncər fəxri diplomu”nun Əsasnaməsi də təsdiq edilib.
Bundan əlavə, iclasda AMEA-nın prezidenti akademik İsa Həbibbəyli AMEA-nın Arxeologiya və Antropologiya İnstitutu tərəfindən aparılan arxeoloji qazıntılarla tanışlıq məqsədilə Astara rayonuna səfərinin yekunları haqqında məlumat verib.
Daha sonra AMEA-nın vitse-prezidenti akademik Rasim Əliquliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığına səfərinin yekunları haqqında təqdimatla çıxış edib.
Həmçinin AMEA-nın Rəyasət Heyəti aparatının “Elektron Akademiya” şöbəsinin müdiri riyaziyyat üzrə fəlsəfə doktoru Fariz İmranov Çin Xalq Respublikasına səfərinə dair təqdimat edib.
İclasda AMEA-nın müşaviri vəzifəsinin Əsasnaməsi, eləcə də AMEA-nın “Filologiya və sənətşünaslıq” jurnalının redaksiya heyətinin yeni tərkibi təsdiqlənib, “AMEA-da ekspedisiyaların təşkili üzrə Komissiyanın yaradılması haqqında” AMEA Rəyasət Heyətinin 2024-cü il 23 aprel tarixli qərarı ilə yaradılmış Komissiyanın tərkibində dəyişiklik edilib. Bundan əlavə, daxili imkanlar və mövcud ştat vahidləri hesabına AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun Multikulturalizm və tolerantlıq fəlsəfəsi şöbəsinin bazasında İdentiklik, multikulturalizm və azərbaycançılıq fəlsəfəsi şöbəsinin yaradılması, Fəlsəfə və Sosiologiya İnstitutunun İnformasiya cəmiyyəti və rəqəmsal inkişaf fəlsəfəsi şöbəsinin bazasında Rəqəmsal inkişaf və süni intellektin fəlsəfi problemləri şöbəsinin yaradılması haqqında qərarlar qəbul olunub, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Nitq mədəniyyəti və monitorinq şöbəsi ləğv edilib.
Rəyasət Heyətinin iclasında akademik Firudin Haşımzadənin 90, akademik Toğrul Şahtaxtinskinin 100, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadənin 60 və AMEA-nın müxbir üzvü Aydın Kazımzadənin 75 illik yubileyi haqqında qərarlar qəbul olunub.
İclasda qeyd olunan məsələlər ətrafında akademik Dilqəm Tağıyev, akademik İradə Hüseynova, akademik Gövhər Baxşəliyeva, akademik Arif Həşimov, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli, professor Nadir Məmmədli, tarix elmləri doktoru Zemfira Hacıyeva və başqaları çıxış edərək fikir və təkliflərini səsləndiriblər.