Tokio, 28 iyun, /AJMEDIA/
Ukrayna Təhlükəsizlik Xidməti (UTX) və Ukrayna Silahlı Qüvvələrinin Xüsusi Əməliyyat Qüvvələri Rusiyanın Volqoqrad vilayətindəki Marinovka aerodromunda iki ədəd Su-34 təyyarəsini məhv edib, daha ikisini isə zədələyib.
Bu barədə AJMEDIA Ukrayna Təhlükəsizlik Xidməti və Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahına istinadla xəbər verir.
UTX-nin məlumatına görə, rus qırıcıları uzaq mənzilli dronlardan istifadə etməklə hədəfə alınıb. Hücum nəticəsində aerodromun hərbi obyektin mühüm infrastrukturu olan texniki və əməliyyat hissəsində də yanğın baş verib.
Baş Qərargahın məlumatına əsasən, iyunun 27-nə keçən gecə Ukrayna Silahlı Qüvvələrinin Xüsusi Əməliyyat Qüvvələrinin bölmələri, Ukrayna Təhlükəsizlik Xidməti Ukrayna Müdafiə Qüvvələrinin digər komponentləri ilə birlikdə Rusiya Federasiyasının Volqoqrad vilayətindəki Marinovka aerodromuna zərbələr endirib.
“Rusiya Aerokosmik Qüvvələrində onlar cəbhəboyu qırıcı-bombardmançı təyyarələr kimi təsnif edilir. Onlar xüsusən planlaşdırma və düzəliş modulları (MPK) daxil olmaqla, idarəedilən aviabombaların atılmasında işlədilir”, – deyə Baş Qərargahın məlumatında vurğulanır.