Pedaqoji Universitetdə XI Beynəlxalq Təhsil və İnnovativ Elmlər Konqresi keçirilir

Tokio, 13 iyun, /AJMEDIA/

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Türkiyə İqtisadi İnkişaf və Sosial Tədqiqatlar İnstitutunun (İKSAD) birgə təşkilatçılığı ilə XI Beynəlxalq Təhsil və İnnovativ Elmlər Konqresi işə başlayıb.

ADPU-dan AJMEDIA-ya bildirilib ki, tədbirdə Azərbaycan, Türkiyə, Hindistan, Əlcəzair, Rumıniya, Polşa, Səudiyyə Ərəbistanı, Portuqaliya, Anqola və Qanadan elm və təhsil mütəxəssisləri iştirak edirlər.

Tədbirdə çıxış edən ADPU-nun rektoru professor Cəfər Cəfərov bildirib ki, konqres müasir təhsil sisteminin qarşısında duran çağırışların müzakirəsi və yeni həll yollarının formalaşdırılması baxımından əhəmiyyətli platformadır. Rektor bildirib ki, təhsilin yalnız daxili deyil, həm də beynəlxalq ölçüdə düşünülməsi vacibdir və bugünkü qloballaşan dünyada elm adamlarının birgə işləməsi, təcrübə mübadiləsi aparması, eyni zamanda, ortaq elmi nəticələr əldə etməsi son dərəcə önəmlidir. Belə beynəlxalq tədbirlər tədqiqatçıların qarşılıqlı öyrənmə prosesini gücləndirir, innovativ yanaşmaların tətbiqini stimullaşdırır və elmi biliklərin yayılmasında körpü rolu oynayır. Rektor vurğulayıb ki, konqresdə dünyanın müxtəlif ölkələrindən alimlərin iştirakı Azərbaycan elminin dünya elminə inteqrasiya səviyyəsinin bariz nümunəsidir. O, tədbirdə təqdim olunacaq məruzələrin və keçiriləcək elmi diskussiyaların təhsil siyasətinə və tətbiqi sahələrə də mühüm töhfələr verəcəyinə əminliyini ifadə edib.

ADPU-nun elm və innovasiyalar üzrə prorektoru professor Asəf Zamanov çıxışında tədbirin elmi potensialından bəhs edərək bildirib ki, XXI əsrdə biliklər iqtisadiyyatının sürətli inkişafı, informasiya cəmiyyətinin formalaşması, süni intellekt texnologiyalarının coğrafiyasının genişlənməsi təhsil və elm sahəsində də fundamental dəyişiklikləri zərurətə çevirir. Onlayn təhsil platformaları, süni intellekt əsaslı təlim köməkçiləri, artırılmış və virtual reallıq (VR/AR) texnologiyaları, data analizinə əsaslanan qiymətləndirmə modelləri, qeymifikasiya və interaktiv öyrənmə metodları kimi imkanların müasir təhsildə geniş istifadəsinin vacibliyini diqqətə çatdıran prorektor bu texnologiyaların yalnız öyrənmə prosesini daha maraqlı və əhatəli etmədiyini, eyni zamanda, fərdi yanaşmaların təmin edilməsinə imkan yaratdığını bildirib. A.Zamanov qeyd edib ki, süni intellekt əsaslı Milli Rəqəmsal Təhsil Platformasının yaradılması, virtual və artırılmış reallıq əsaslı laboratoriyaların təbiət və texniki fənlər üzrə tətbiqi, müəllimlər üçün rəqəmsal mentorluq proqramlarının genişləndirilməsi və şagirdlər arasında kodlaşdırma, robototexnika və data analizinə marağın artırılması üçün müsabiqələrin təşkili artıq zərurətə çevrilib. Qeyd edilib ki, bu istiqamətlər üzrə dünya təcrübəsinin öyrənilməsi, beynəlxalq əməkdaşlığın artırılması vacibdir və keçirilən konqres bu baxımdan vacib əhəmiyyət daşıyır.

Elmi-Tədqiqat Mərkəzinin direktoru dosent Ərəstun Mehdiyev və İKSAD rəhbəri Mustafa Latif çıxışlarında konqresin təşkilati və elmi əhəmiyyətindən danışaraq qeyd ediblər ki, bu cür beynəlxalq tədbirlər elmi ideyaların mübadiləsi, tədqiqat nəticələrinin təqdimatı və yeni əməkdaşlıq imkanlarının yaradılması baxımından əvəzsizdir.

Konqres çərçivəsində əyani və onlayn formatda sessiyalar təşkil olunub. Təqdimatlar müxtəlif zal və bölmələrdə moderatorların rəhbərliyi ilə həyata keçirilib.

Konqresdə süni intellektin təhsildə tətbiqi, inklüziv təhsil, sosial media və gənclərin psixoloji rifahı, STEAM texnologiyaları, davamlı inkişaf, dil və tarix təliminin metodikası, ədəbiyyatın müasir təhlili, biomüxtəliflik, urbanizasiya və digər aktual mövzularda məruzələr təqdim olunub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts