BMU ilə Çin universiteti daha iki ixtisas üzrə ikili diplom proqramının icrasına başlayır

Tokio, 12 iyun, /AJMEDIA/

Bakı Mühəndislik Universiteti (BMU) ilə Çin Xalq Respublikasının Pekin Kimya Texnologiya Universiteti (PKTU) daha iki ixtisas üzrə ikili diplom proqramının icrasına başlayır.

Bu barədə AJMEDIA-ya universitetdən məlumat verilib.

Onlayn formatda keçirilən imzalanma mərasimində çıxış edən BMU-nun rektoru Yaqub Piriyev bildirib ki, bu il aprelin 17-də imzalanmış müqavilə əsasında kimya mühəndisliyi ixtisası üzrə ikili diplom proqramına artıq start verilib. Rektor bu əməkdaşlığın uğurlu davamı olaraq, qısa müddət ərzində kompüter mühəndisliyi və mexanika mühəndisliyi ixtisasları üzrə də 2+2 modeli əsasında ikili diplom proqramının həyata keçirilməsi barədə razılığın əldə olunmasını yüksək qiymətləndirib.

Rektor, həmçinin bu yeni müqavilənin Azərbaycanla Çin arasında viza rejiminin ləğv olunduğu mühüm bir mərhələyə təsadüf etdiyini vurğulayıb. O, Prezident İlham Əliyevin bu il aprelin 23-də Çinə dövlət səfəri zamanı Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə imzaladığı Birgə Bəyanata toxunaraq bildirib ki, bu sənəd təhsil sahəsində əməkdaşlığın genişləndirilməsini də nəzərdə tutur. Rektor əmin olduğunu bildirib ki, BMU ilə PKTU arasında qurulan əməkdaşlıq bu bəyanatda əks olunan məqsədlərə töhfə verəcək.

Pekin Kimya Texnologiya Universitetinin rektoru Tan Tianvei də ikili diplom proqramının imzalanmasını universitetlərarası əlaqələrin inkişafı baxımından mühüm addım kimi dəyərləndirib. O, bu ilin aprelində iki ölkənin liderlərinin Çin-Azərbaycan strateji tərəfdaşlığının qurulduğunu bəyan etdiklərini xatırladaraq, həmin Birgə Bəyanatda əks olunan məqamlara istinad edib.

Tan Tianvei proqramın üstünlüklərinə toxunaraq bildirib ki, hər iki universitetin birgə səyləri ilə mühüm nəticələr əldə olunacaq, innovativ bilik və bacarıqlara malik gənclər yetişdiriləcək. Bu isə təkcə Azərbaycan və Çinə deyil, ümumilikdə qlobal texnoloji tərəqqiyə töhfə verəcək.

Tədbirdə qeyd olunub ki, yeni müqaviləyə əsasən, BMU-nun kompüter mühəndisliyi və mexanika mühəndisliyi ixtisaslarında I və II kursları müvəffəqiyyətlə bitirən tələbələr müəyyən prosedurları keçdikdən sonra PKTU-da müvafiq olaraq kompüter elmləri və texnologiyası və proses avadanlıqları və nəzarət mühəndisliyi ixtisasları üzrə III və IV kurslarda təhsillərini davam etdirə biləcəklər. Qeyd edək ki, daha əvvəl imzalanmış müqavilə ilə kimya mühəndisliyi ixtisası üzrə də analoji əməkdaşlıq razılaşdırılmışdı.

İmzalanma mərasimində, həmçinin müqavilədə nəzərdə tutulan digər məsələlər, qarşılıqlı nümayəndə heyətlərinin səfərləri və gələcək birgə layihələr müzakirə olunub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts