Prezident İlham Əliyev Ağdamın Kəngərli kəndinə köçən sakinlərlə görüşüb, onlara evlərin açarlarını təqdim edib

Tokio, 10 may, /AJMEDIA/

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Ağdam rayonunun Kəngərli kəndinə köçən sakinlərlə görüşüb, onlara evlərin açarlarını təqdim edib.

AJMEDIA xəbər verir ki, kənd sakinlərini salamlayan Prezident İlham Əliyev dedi: Kəngərliyə xoş gəlmisiniz.

Sakinlər: Sağ olun. Bu günün qəhrəmanı, Siz xoş gəlmisiniz.

Prezident İlham Əliyev: Sağ olun. Sizi təbrik edirəm, Kəngərliyə həyat qayıdır, Kəngərli sakinləri artıq qayıdır, böyük xoşbəxtlikdir, tarixi hadisədir. Uzun fasilədən sonra doğma dədə-baba torpağında yaşamaq, əlbəttə ki, böyük xoşbəxtlikdir. Bu münasibətlə sizi təbrik edirəm.

Sakinlər: Çox sağ olun, təşəkkür edirik.

Prezident İlham Əliyev: Siz uzun illər ağır şəraitdə – ölkəmizin müxtəlif yerlərində yararsız evlərdə, yataqxanalarda, uşaq bağçalarında, müəyyən müddət isə çadır şəhərciklərində yaşamısınız. Bu gün isə gözəl kəndin timsalında yeniləşən Azərbaycanı görürük, bərpa olunan Qarabağı görürük. Göstəririk ki, bu torpaqların sahibi həmişə biz olmuşuq, bu gün də belədir. Ancaq bu torpağın sahibi bu torpaqda qurub-yaradır. Mənfur düşmən bütün bu bölgəni viran qoymuşdu. Ağdam rayonunda bir dənə də salamat bina qalmamışdır. Şəhər, bütün kəndlər tamamilə yerlə-yeksan edilmişdir. Təkcə Ağdamda yox, demək olar ki, o vaxt işğal altında olan bütün torpaqlarda Ermənistan dövləti tərəfindən məqsədyönlü siyasət aparılırdı ki, heç vaxt azərbaycanlılar bu bölgəyə qayıtmasınlar. Onlar istəyirdilər bu torpaqları əbədi işğal altında saxlasınlar. Onlara mənəvi və maddi dəstək verən bəzi ölkələr də onlarla həmrəy idi. Amma onlar bir şeyi unudurdular ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq, Azərbaycan vətəndaşları heç vaxt öz doğma torpaqlarını unutmayacaq və Azərbaycan dövləti ayağa qalxacaq, güc toplayacaq və düşməni öz torpağından qovacaq. Bunu onlar hesablaya bilməmişdilər.

Bütün bu əzablı illər arxada qaldı. Siz indi öz doğma torpağınıza qayıdırsınız və qayıtmısınız, sizin üçün gözəl şərait yaradılıb. Kəngərli kəndi göz oxşayır. Kəndin bərpasının, yenidən qurulmasının birinci mərhələsidir, 292 ev hazırdır, sizin ixtiyarınıza verilir. İkinci mərhələdə daha çox evlər tikiləcək. Hər cür şərait var. Gözəl evlər, işıq, qaz, su, kanalizasiya sistemləri, məktəb, uşaq bağçası, market, tibb məntəqəsi, hətta bazar kompleksi – hər şey var. Əkin üçün yerlər ayrılacaq. İndi bəzi torpaqlarda artıq minatəmizləmə işləri başa çatıb. Mən göstəriş vermişəm, sakinlərə torpaq sahələri də veriləcək. Həyətyanı sahə də 12 sotdur. Orada da əkib-becərmək mümkündür. Yəni, həyat qayıdır, ədalət zəfər çalıb, ədalətin təntənəsidir. Biz bunun şahidiyik.

Ağdam şəhəri də artıq ərsəyə gəlir. Bu gün səhər Ağdam vağzal kompleksinin açılışını etdim. Bu tədbirdən sonra Ağdam Muğam Mərkəzinin açılışı olacaq. Muğam Mərkəzini Ağdamda ilk layihələrdən biri kimi inşa etməyimiz bizim mənəvi köklərə bağlı olduğumuzu göstərir. Yəni, bizi millət kimi, xalq kimi saxlayan bizim musiqimiz, dilimiz və əyilməz ruhumuz olub.

Köçkünlər ən çətin şəraitdə yaşayıblar. Siz bilirsiniz ki, işğal dövründə köçkünlərlə mənim çoxsaylı görüşlərim olub, həm çadır şəhərciklərində, – onlara söz vermişdim ki, birinci prezidentlik dövrümdə bir dənə də çadır şəhərciyi qalmayacaq və artıq 2007-ci ildə bir dənə də qalmamışdı, – həm də yeni salınmış qəsəbələrdə, qəsəbələrin açılışında. Biz 300 minə yaxın ovaxtkı köçkünü gözəl evlərlə təmin etmişdik. O görüşlər zamanı deyirdim ki, bu, müvəqqəti yaşayış yerinizdir, torpaqlar azad olunandan sonra sizin üçün Qarabağda daha gözəl şərait yaradacağıq.

Sakin: Bu günə çox şükür.

Prezident İlham Əliyev: Bugünkü mərasim o sözlərin, necə deyərlər, möhürüdür. Bilirəm, sizdə də, bizdə də – bütün Azərbaycan xalqında heç vaxt şübhə olmayıb ki, biz öz torpaqlarımıza qayıdacağıq. Amma çox möhtəşəm qayıtdıq. 44 gün ərzində düşməni böyrü üstə qoyduq. Ondan sonra da 23 saat ərzində, bəlkə də daha da tez separatçıların kökünü tamamilə kəsdik. Siz – yaşlı nəslin nümayəndələri sovet dövrünü xatırlayırsınız. O vaxt sizin yanınızda yaşayan, bizim torpaqlarımıza çar Rusiyası tərəfindən köçürülən ermənilər bizə, xalqımıza, xüsusilə ovaxtkı Dağlıq Qarabağ Muxtar Vilayətində yaşamış azərbaycanlılara mənfi münasibət göstərirdilər, həm Xocalıda, həm Şuşada onlar mənəvi əzab çəkirdilər.

Bu gün isə Azərbaycan vətəndaşı hər bir qarış torpağının sahibidir, hər yerdə yaşayır, yaşayacaq. Sürətli bərpa işləri onu göstərir ki, tezliklə bütün keçmiş köçkünlər öz torpaqlarına qayıdacaqlar.

Kəngərli kəndi bizim bərpa etdiyimiz sayca 14-cü yaşayış məntəqəsidir. Ağdam rayonunun isə ikinci. Birinci Sarıcalı, indi Kəngərli. Xıdırlı kəndi də demək olar ki, açılışa hazırdır. Yaxın aylarda orada da həyat qaynayacaq. Yəni, siz burada darıxmayacaqsınız, qohum-əqrəba, dost, tanış – hamınız birlikdə bu bölgəni – Qarabağı quracaqsınız, hamımız birlikdə quracağıq.

Sizi təbrik edirəm, cansağlığı arzulayıram. Burada xoşbəxt yaşayın.

Sakinlər: Çox sağ olun.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts