Tokio, 12 aprel, /AJMEDIA/
Naxçıvan Dövlət Universitetinin (NDU) rektoru Elbrus İsayev Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102, Naxçıvan Muxtar Respublikasının yaranmasının 101 illiyinə həsr edilmiş bədii yaradıcılıq müsabiqə-festivalında iştirak edən nümayəndə heyəti ilə görüşüb.
NDU-nun Media və ictimaiyyətlə əlaqələr şöbəsindən AJMEDIA-ya bildirilib ki, görüşdə Xalq artisti Mübariz Tağıyev, Bakı Xoreoqrafiya Akademiyasının prorektoru Xalq artisti Təranə Muradova, Əməkdar in¬cəsənət xadimi Baba Vəziroğlu, Qarabağ Universitetinin İncəsənət fakültəsinin ifaçılıq və musiqi müəllimliyi kafedrasının müdiri Arslan Növrəsli, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin müşaviri, baş katib Pərvanə İsmayılova və digər rəhbər şəxslər iştirak ediblər.
Rektor Elbrus İsayev artıq dördüncü dəfədir universitetdə təşkil olunan bədii yaradıcılıq müsabiqə-festivalının əhəmiyyətindən danışıb. Vurğulayıb ki, ali təhsil ocağında keçirilən mədəni-kütləvi tədbirlərdə milli dəyərlərimiz hər zaman əsas tutulur.
Qonaqlar festivalın NDU-da keçirilməsi təşəbbüsünü yüksək qiymətləndirib, ötən illərdəki tədbirlər kimi yaddaqalan olacağını diqqətə çatdırıblar.
Qeyd edək ki, festival Elm və Təhsil Nazirliyi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi, NDU və universitetin Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə keçirilir.