Yaponiyada keçirilən Beynəlxalq Displey Seminarlarında Azərbaycan da təmsil olunub

Tokio, 9 dekabr, /AJMEDIA/

Yaponiyanın Hokkaydo prefekturasının mərkəzi Sapporo şəhərində keçirilən 31-ci Beynəlxalq Displey Seminarlarında (IDW-2024) Azərbaycanı uzun müddətdir Tokioda yaşayan həmyerlimiz, elektronika sahəsində tanınmış alim-mühəndis Dr. Xəlil Kələntər (K. Käläntär) təmsil edib.

Bu barədə AJMEDIA-ya Xəlil Kələntər özü məlumat verib.

Seminar barədə danışan soydaşımız bildirib ki, Beynəlxalq Displey Seminarları (IDW2024) 2024-cü il dekabrın 4-dən 6-dək Yaponiyanın Hokkaydo prefekurasının Sapporo şəhərində təşkil olunub. Təxminən 1100 nəfərin qatıldığı seminar 31 il əvvəl sənaye inkişafı ilə tanınan Hamamatsu şəhərində təsis edilib. Artıq 24 ildir fasiləsiz olaraq bu seminarlara qatıldığını qeyd edən alimimiz ötən müddət ərzində hər il bu beynəlxalq tədbirə məqalə təqdim etdiyini də bildirib. Cari ildə ilk dəfə bu məqalə Naxçıvan Dövlət Universitetinin müəllimi Xəlil Kələntər və tədqiqatçı Elgün Tağıyevin imzası ilə təqdim edilib. Bundan əlavə, cari ildə Xəlil Kələntər sessiya rəhbəri kimi də çıxış edib.

Xatırladaq ki, artıq 44 ildir Yaponiyada yaşayan Xəlil Kələntər 2023-cü ildə akademik və sənaye sahəsindəki töhfələrinə görə bu ölkənin çox nüfuzlu Kobayashi-Uchiike-Mikoshiba (KUM) mükafatına layiq görülüb.

Elektronika sahəsində tanınmış həmyerlimiz və professor Kobayashi ABŞ-da yerləşən İnformasiya Displeyləri Cəmiyyti (Society for Information Display) vasitəsilə 20 il ərzində SID konfransları vasitəsilə iştirakçılara rəhbərlik ediblər. Hər iki alim ilk dəfə Yaponiyada beynəlxalq və yerli iştirakçılara birgə tövsiyələrini çatdırıblar.

Flat Panel Components (FMC) IDW-nin bir hissəsi olan seminarlar arasında yer alır. Dr. Xəlil Kələntər 3 il burada Seminarlar Komitəsinin sədri kimi fəaliyyət göstərib. 2006-cı ildə o, iki həmkarı ilə birlikdə Displey
Elektronikası Seminarlarını (DES) təsis edib və bu günə qədər orada fəal iştirak edir. O, həmçinin DES üzvüdür və IDW-də müxtəlif sahələrə mühüm töhfələr verir.

Əlavə olaraq qeyd edək ki, IDW displey texnologiyası sahəsində tədqiqatçılar, peşəkarlar və həvəskarların dünya əhəmiyyətli toplantısıdır. Həmin seminarlar displey sənayesində əməkdaşlığı, bu sahədə əldə edilən uğurların mübadiləsini və innovasiyanı inkişaf etdirmək məqsədi daşıyır. 1994-cü ildə yaradılan IDW son illər qlobal displeylər ictimaiyyəti üçün təsirli platformaya çevrilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts