Tokio, 14 oktyabr, /AJMEDIA/
Daşkənddə Özbəkistan, Qırğızıstan və Qazaxıstanın energetika nazirlərinin növbəti işçi görüşü keçirilib.
AJMEDIA özbək mediasına istinadla xəbər verir ki, Azərbaycan energetika nazirinin müavini Kamal Abbasov görüşdə qonaq qismində iştirak edib.
İclasda Özbəkistanın energetika naziri Jurabek Mirzamaxmudov, Özbəkistanın su təsərrüfatı naziri Şavkat Xamrayev, Qazaxıstanın energetika naziri Almasadam Satkaliev, Qazaxıstanın su təsərrüfatı və irriqasiya naziri Nurcan Nurcigitov və Qırğızıstanın energetika naziri Talaybek İbraev iştirak ediblər.
Nazirlər payız-qış dövründə ölkələrin su və enerji sistemlərinin davamlı fəaliyyətinin təmin edilməsi məsələlərini müzakirə ediblər. İclasda energetika şəbəkələrinin istismar qrafikləri də razılaşdırılıb.
Tədbir çərçivəsində birgə həyata keçirilən layihələrə, xüsusilə də “Qambarata SES-1” tikintisinin hazırkı vəziyyəti və su-enerji balansının uyğunlaşdırılması məsələlərinə baxılıb. Bundan əlavə, CEEC şirkətinin (Çin) nümayəndələri ilə Qırğızıstanın Cəlalabad vilayətində Çatkal çayı üzərində SES-in tikintisi üzrə ilkin tədqiqatlar və gələcək planlar müzakirə olunub.
İclasın sonunda iştirakçılar tərəflərin işçi qruplarının mütəmadi görüşlərinin təşkilini və layihələrin həyata keçirilməsi üçün yol xəritəsinin imzalanmasını təklif ediblər.