COP29-un Sülh, Yardım və Bərpa Günü gündəliyində yer alacaq vacib məsələlər müzakirə olunub

Tokio, 26 sentyabr, /AJMEDIA/

BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində Nyu-Yorkda COP29 Sədrliyi və COP28 sədrliyini həyata keçirmiş BƏƏ-nin Xarici İşlər Nazirliyi iqlimə həssas və humanitar böhran yaşayan ölkələrə həsr olunmuş yüksək səviyyəli tədbir keçiriblər.

AJMEDIA xəbər verir ki, tədbirdə noyabrın 15-də Bakıda keçiriləcək COP29-un Sülh, Yardım və Bərpa Günü gündəliyində yer alacaq vacib məsələlər müzakirə olunub.

Müzakirələr münaqişələr və humanitar böhranlarla üzləşən, iqlimə həssas ölkələrin maliyyə resurslarına çıxışını təmin etmək və uyğunlaşma tədbirlərini həyata keçirmək üçün siyasət, maliyyə və praktik təcrübələrə yönəlib. Bu ölkələrin ərzaq, su, torpaq, enerji və daha geniş miqyasda dayanıqlılığın inkişafı və sabitliyinə baxmayaraq, dünyada ən aşağı səviyyədə iqlim maliyyəsi alan ölkələr sırasında olduğu bildirilib.

“Ən həssas ölkələrdə iqlim investisiyaları həm inkişaf, həm də humanitar yardımlar və sülh üçün təcili prioritet və yüksək təsir potensialına malikdir”,- deyən BƏƏ xarici işlər nazirinin müavini Abdulla Balalaa BƏƏ-nin bu sahədə Azərbaycanla əməkdaşlıq etməkdən qürur hissi keçirdiyini diqqətə çatdırıb.

Tədbirdə çıxış edən edən XİN-in Xüsusi tapşırıqlar üzrə səfiri Elşad İsgəndərov COP29 Sülh Gününün əsas gündəm mövzuları olan iqlim miqrasiyası, su qıtlığı, qida təhlükəsizliyi və torpaq deqredasiyası haqqında məlumat verib və iştirakçıları konkret siyasət tövsiyələri hazırlamağa yönəlmiş əhatəli dialoqa dəvət edib.

O bildirib ki, Azərbaycan sədrliyi dövründə münaqişə və iqlimdən əziyyət çəkən ən həssas təbəqələr üçün praktiki dəstəyin əldə edilməsi üçün çalışır. Səfir COP29 çərçivəsində təsis edilməsi gözlənilən Bakı İqlim və Sülh Mərkəzinin xüsusi rolunu vurğulayıb.

Bu təbəqənin 500 milyona yaxın insanları əhatə etdiyini vurğulayın diplomat bütün tərəfdaşları COP29 Sülh Günündə genişmiqyasda tətbiq oluna biləcək həllər təqdim etməyə çağırıb: “Son illərdə münaqişə və humanitar böhran yaşayan ölkələrdə iqlim fəaliyyətini dəstəkləyən siyasi öhdəliklər və islahatlar əhəmiyyətli dərəcədə artıb. Çünki quraqlıq, daşqınlar, istilər və dəniz səviyyəsinin qalxması kimi iqlim təsirləri getdikcə daha çox cəmiyyətlərdə məcburi köçkünlük, resurslar üzərində rəqabət və sosial gərginliklər yaradır”.

Nyu-Yorkda keçirilən tədbirdə iştirak edən ABŞ, Almaniya və Böyük Britaniya kimi əsas iqlim maliyyəsinin təminatçıları, həmçinin xüsusilə həssas ölkələr sırasında olan Çad, Timor-Leste, Uqanda kimi ölkələrin nazir və digər yüksək səviyyəli nümayəndələri Azərbaycan tərəfindən iqlim və sülh sahədində həyata keçirilən addımları dəstəkləyiblər. Həmçinin Yaşıl İqlim Fondu Somalidəki uğurlu əməkdaşlıq əsasında yeni proqramlar hazırlamaq niyyətində olduğunu diqqətə çatdırıb. İslam İnkişaf Bankı isə 1 milyard dollarlıq İqlim Fəaliyyəti fondu üzrə əməliyyatları təsdiqlədiyini bildirib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts