Tokio, 17 dekabr, /AJMEDIA/
Dekabrın 17-də Heydər Əliyev Mərkəzində Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) 100 illik yubileyi qeyd olunub.
AJMEDIA xəbər verir ki, mərasimdə Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, Milli Məclisin deputatları, dövlət və hökumət rəsmiləri, elmi ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
ADPU-nun rektoru professor Cəfər Cəfərov Prezident İlham Əliyevin “Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamında ADPU-nun zəngin və məhsuldar inkişaf yoluna xüsusi qiymət verildiyini diqqətə çatdırıb. Son illər ərzində ali təhsil müəssisəsində bu istiqamətdə görülən işlərdən və aparılan islahatlardan, əldə olunan nəticələrdən danışıb.
Rektor bildirib ki, icrası bu il başa çatan Strateji inkişaf planımıza uyğun olaraq, məzmunun yenilənməsi, tədris və imtahan prosesinin maksimum şəffaflaşdırılması, yeni nəsil təhsil proqramlarının hazırlanması, elmi-tədqiqatların səmərəliliyinin artırılması, beynəlxalq əlaqələrin genişləndirilməsi və infrastrukturun təkmilləşdirilməsi vasitəsilə təhsilin keyfiyyətinin yüksəldilməsinə nail olmaq əsas hədəflərimizdən olub.
Tədbirdə çıxış edən təhsil naziri Emin Əmrullayev vurğulayıb ki, Pedaqoji Universitetin ölkənin istər təhsil, istərsə də digər sahələrdə mühüm rolu olub. Nazir universitetin əldə etdiyi uğurlardan, habelə “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində ADPU-nun ABŞ-ın Corc Vaşinqton Universiteti ilə uğurla davam edən ikili diplom proqramının əhəmiyyətindən danışıb. Həmçinin ADPU-ya tələbə qəbulunun, eləcə də universitetin məzunlarının müəllimlərin işə qəbulu imtahanlarının nəticələrinin yüksək olduğunu bildirib.
Mərasimdə ADPU-nun 100 illiyinə həsr olunmuş film nümayiş edilib.