Tokio, 13 dekabr, /AJMEDIA/
Avstraliya və Cənubi Koreya Hind-Sakit okean regionunda baş verən hadisələr fonunda hərbi sahədə əməkdaşlığı inkişaf etdirəcəklər.
AJMEDIA xəbər verir ki, bu barədə razılaşma Kanberrada Cənubi Koreya Prezidenti Mun Ce-inin Avstraliyaya səfəri çərçivəsində Baş nazir Skott Morrison ilə görüşündə əldə edilib.
Bildirilir ki, dekabrın 13-də tərəflər arasında təqribən 717 milyon dollar dəyərində müqavilə də imzalanıb. Əldə edilən razılaşmaya əsasən, Cənubi Koreya şirkəti Avstraliyada 30 ədəd özüyeriyən haubitsa və digər texnika istehsal edəcək.
Avstraliya KİV-nin məlumatına görə, bu, son vaxtlar Asiya ölkəsi ilə imzalanan ən böyük müqavilədir. Bununla da Avstraliyanın Cənubi Koreya ilə təhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirmək niyyətində olduğu aydın görünür.
Görüşdən sonra keçirilən birgə mətbuat konfransında Avstraliyanın Baş naziri S.Morrison deyib ki, hər iki ölkə Hind-Sakit okean regionunda bənzər baxışları və oxşar niyyəti bölüşürlər. Cənubi Koreyanı etibarlı tərəfdaş adlandıran Avstraliya lideri iki ölkənin sıx əməkdaşlıq edəcəyini deyib.
Cənubi Koreya lideri də öz növbəsində Avstraliya ilə əsas faydalı qazıntıların tədarükü şəbəkəsinin yaradılması istiqamətində və müdafiə sahəsində əməkdaşlığın ölkəsinin maraqlarına cavab verdiyini bildirib. Həmçinin vurğulayıb ki, bu əməkdaşlıq regionda sülhə və təhlükəsizliyə töhfə verəcək.